IMG-LOGO

FHN vətəndaşları bayramla əlaqədar yanğın təhlükəsizliyinə riayət etməyə çağırıb

22 Mar 2026 00:07 4 baxış
IMG

Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz şənliklərinin təşkili dövründə yanğın təhlükəsizliyinin təmin edilməsi, o cümlədən tonqalların yandırılması qaydalarına riayət olunması ilə bağlı vətəndaşlara çağırış edib.

"Report" xəbər verir ki, FHN-dən bəzi vətəndaşlar tərəfindən qaydalara əməl olunmaması nəticəsində arzuolunmaz hallar qeydə alındığı bildirilib.

"Tonqalların yandırılması zamanı oduncaq kütləsinin həcmi və hündürlüyünün düzgün seçilməməsi, tonqalın bina və qurğulara təhlükəli məsafədə yerləşdirilməsi, həmçinin benzin və digər tezalışan, partlayış təhlükəli mayelərdən istifadə olunması kimi kobud pozuntulara yol verilir ki, nəticədə insanların həyat və sağlamlığına, əmlaka və ətraf mühitə ciddi ziyan vuran yanğın-partlayış hadisələrinin baş verməsi qeydə alınır", - məlumatda qeyd olunub.

Vurğulanıb ki, yanğın təhlükəsizliyi qaydalarının pozulması Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun olaraq məsuliyyət yaradır və bu hallara yol verən şəxslər barəsində müvafiq inzibati tədbirlər görülür.

"Yuxarıda qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə növbəti dəfə müraciət edərək Novruzla bağlı mərasimlərdə, o cümlədən bayram tonqallarının yandırılması zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır", - FHN-dən bildirilib.

Qeyd edək ki, Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verib, nəticədə 11 nəfər tüstüdən zəhərlənib.

Xəbər lenti