IMG-LOGO

Bakı və Abşeronda yeni kanalizasiya kollektorlarının tikintisinə başlanılıb

18 Mar 2026 10:39 8 baxış
IMG

Bakı şəhəri və Abşeron rayonu ərazisində yeni kanalizasiya kollektorlarının və tullantı sularının təmizlənməsi qurğularının tikintisinə başlanılıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Bakı və Abşeron üzrə su təchizatı sektorunun müdiri İman Rzayev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu istiqamətdə hazırda Müşfiqabad layihəsi həyata keçirilir: "Layihə çərçivəsində ümumi uzunluğu 17,1 kilometr olan kollektor xətti tikilir. Bu kollektor Xırdalan şəhəri ilə yanaşı Masazır, Aşağı Güzdək, 28 May və Müşfiqabad qəsəbələrini əhatə edir. Layihə həm kollektor xəttindən, həm də sutəmizləyici qurğudan ibarətdir.

Hazırda gündəlik gücü 75 min kubmetr olan sutəmizləyici qurğunun tikintisi davam edir. Qurğunun əlavə 75 min kubmetrlik hissəsinin isə növbəti mərhələdə tikilməsi planlaşdırılır. Kollektor üzrə 7 şaxtada iş aparılır, onlardan 4-də işlər tamamlanıb, 3-də isə davam edir. Layihənin icra müddəti 3 il nəzərdə tutulub və daha tez başa çatdırılması üçün işlər görülür".

İ. Rzayev bildirib ki, layihənin dəyəri sutəmizləyici qurğu üzrə 102 milyon manat, kollektor üzrə isə 135 milyon manat təşkil edir: "Layihə dövlət vəsaiti hesabına maliyyələşdirilir və əlavə vəsaitə ehtiyac gözlənilmir. Bakı üzrə əlavə olaraq 7 kollektor, 2 sutəmizləyici qurğu və nasos stansiyalarının tikintisi də davam etdirilir. Təmizləyici qurğudan çıxan su təmiz olacaq və suvarma məqsədilə istifadə oluna biləcək.Layihənin icrası Xəzər dənizinin ekoloji vəziyyətinə müsbət təsir göstərəcək".

Xəbər lenti