Azərbaycan tədbir təşkilatçılığı sahəsində təcrübə ixrac edir.
"Report" xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) üzrə Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov "AZS ISO 20121:2026 Tədbir davamlılığının idarəetmə sistemləri" üzrə dövlət standartının təqdimatında bildirib.
O, qeyd edib ki, ölkəmiz tədbirlərin keçirilməsi ilə məhdudlaşmayıb, eyni zamanda bu sahədə ciddi institusional və peşəkar kadr potensialı formalaşdırıb: "COP29 kimi qlobal bir tədbirin ölkəmizdə keçirilməsi, ardınca bu ilin may ayında baş tutacaq BMT-nin ən böyük qeyri-siyasi tədbiri – WUF13 bunun bariz nümunələridir. Əgər biz 10 il əvvələ nəzər salsaq, belə tədbirlərin təşkili zamanı əsasən xarici mütəxəssislərin cəlb olunmasını görərdik. Bu illər ərzində təcrübə qazanmaq, beynəlxalq standartları mənimsəmək və sözügedən sahədə bacarıqlı insan kapitalını formalaşdırmaq imkanımız oldu. İndi isə vəziyyət tamamilə fərqlidir. Son illər keçirilən beynəlxalq tədbirlər göstərir ki, biz artıq öyrənən tərəf deyilik. Azərbaycan mütəxəssisləri irimiqyaslı tədbirlərin təşkilində aparıcı rol oynayır".
İcraçı direktor əlavə edib ki, Azərbaycan tədbir təşkilatçılığı sahəsində ev sahibliyi olmaqla yanaşı, həm də təcrübə ixrac edən ölkələrdən birinə çevrilib: "Məhz bu kontekstdə bugünkü tədbirin əhəmiyyəti daha da artır. Tətbiq olunan ISO 20121:2024 standartı yalnız texniki sənəd deyil, ölkəmizdə tədbirlərin daha sistemli, daha dayanıqlı və beynəlxalq tələblərə uyğun şəkildə təşkil olunması istiqamətində atılmış növbəti addımdır. Əminliklə demək olar ki, sözügedən standartın qəbul olunması və tətbiqi gələcəkdə Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlərin təşkilində öz töhfəsini verəcək və yerli mütəxəssislərin fəaliyyətini vahid yanaşmada formalaşdırmasına xidmət edəcək. Bu standart həm də bizim bu günə qədər qazandığımız təcrübənin sistemləşdirilməsi və gələcək nəsillərə ötürülməsi baxımından mühüm addımdır. İqtisadiyyatın bütün sahələrində olduğu kimi, tədbirlərin təşkili sahəsində də standartlaşmaya olan tələblər getdikcə artır. Belə standartın ölkəmizdə ilk dəfə adaptasiyası və tətbiqi xüsusi əhəmiyyət kəsb edir. Bu proses, şübhəsiz ki, yerli mütəxəssislər üçün də yeni imkanlar yaradır".
Bundan başqa, onun sözlərinə görə, iqtisadiyyatın bütün sahələrində olduğu kimi, tədbirlərin təşkil edilməsində də standartlaşmaya olan tələblər getdikcə artır: "AZS ISO 20121:2026 Tədbir davamlılığının idarəetmə sistemləri" üzrə dövlət standartının ölkəmizdə ilk dəfə olaraq adaptasiyası və tətbiq olunması xüsusi əhəmiyyət kəsb edir. "Bu proses şübhəsiz ki, yerli mütəxəssislər üçün də yeni imkanlar yaradır. Tətbiq olunan ISO 20121:2014 standartı yalnız texniki sənəd deyil, ölkədə tədbirlərin daha sistemli, daha dayanıqlı və beynəlxalq tələblərə uyğun şəkildə təşkil olunması istiqamətində atılmış növbəti addımdır".