Ötən il vəkillərə bağlanan müqavilələr əsasında ümumilikdə 27 milyon 173 454,83 manat məbləğində vəsait ödənilib.
Bu barədə "Report"a Vəkillər Kollegiyasından məlumat verilib.
Bildirilib ki, 2025-ci il üzrə vəkillik fəaliyyətinin statistik hesabatı ümumiləşdirilib.
Aparılmış təhlil nəticəsində müəyyən edilib ki, VK-nın tərkibində 144 Vəkil Bürosunda 2 676 vəkil, fərdi qaydada isə 150 vəkil fəaliyyət göstərir.
Hesabat dövründə digər ödənişli əsaslarla (məsləhətlərin verilməsi, prosessual sənədlərin hazırlanması və s.) 13 469 fiziki və 1 770 hüquqi şəxs olmaqla, ümumilikdə 15 239 şəxsə hüquqi yardım göstərilib. Bununla yanaşı, 10 521 aztəminatlı şəxs ödənişsiz hüquqi yardımla təmin olunub.
Eyni zamanda hesabat dövründə 71 038 fiziki və 13 856 hüquqi şəxslə ümumilikdə 84 894 müqavilə bağlanılıb. Bağlanılan müqavilələr üzrə fiziki şəxslər tərəfindən 22 milyon 83 185,94 manat, hüquqi şəxslər tərəfindən isə 5 milyon 90 268,89 manat olmaqla, ümumilikdə 27 milyon 173 454,83 manat məbləğində vəsait ödənilib.
Bundan əlavə, dövlət hesabına hüquqi yardımın göstərilməsi ilə əlaqədar icrası təmin edilən qərarlar üzrə vəkillərə ümumilikdə 5 milyon 999 874,51 manat məbləğində ödəniş həyata keçirilib.