Qazaxıstanın Abay vilayəti ərazisində azərbaycanlı investorların iştirakı ilə "Alakol" müalicə-sağlamlıq kompleksinin inşası layihəsi üzrə tikinti işlərinə 2026-cı ilin dördüncü rübündə başlanması planlaşdırılır.
Bu barədə "Report"un Qazaxıstan bürosuna "Abay vilayətinin Turizm İdarəsi" dövlət qurumundan bildirilib.
"Hazırda qanunvericiliklə müəyyən edilmiş qaydada ərazinin seçilməsi və təhkim edilməsi prosedurları da daxil olmaqla, torpaq sahəsinin razılaşdırılması üzrə işlər aparılır. Layihə layihələndirmədən əvvəlki hazırlıq mərhələsindədir. Bütün zəruri razılaşdırma prosedurlarının başa çatması şərtilə, tikinti meydançasının yekun olaraq təsdiqlənməsi və tikinti işlərinin başlanması 2026-cı ilin 4-cü rübündə planlaşdırılır", - qurumdan qeyd edilib.
Bildirilib ki, layihəyə yatırılacaq investisiyaların ilkin məbləğin təqribən 20 milyon dollar (10 milyard tengə) təşkil edir və layihə-smeta sənədlərinin tamamlanmasının nəticələrinə görə dəqiqləşdirilə bilər.
"Azərbaycan tərəfinin layihənin icrasında iştirakı, hər iki tərəfin iştirakı ilə birgə müəssisənin yaradılması imkanı da daxil olmaqla, birgə investisiyalar formatında planlaşdırılır. Əməkdaşlığın yekun modeli tərəflər arasında razılaşdırma mərhələsindədir", - məlumatda qeyd olunub.
Layihənin icra müddəti tikinti işlərinə başlanıldığı andan etibarən 3 il ərzində tikintinin başa çatmasını və obyektin istismara verilməsini nəzərdə tutur.
Müalicə-sağlamlıq kompleksi çərçivəsində aşağıdakı əsas fəaliyyət istiqamətləri nəzərdə tutulub: sanatoriya-kurort müalicəsi və reabilitasiya; tibbi-sağlamlaşdırma xidmətləri; SPA və "wellness" istiqamətləri; mehmanxana və turizm xidmətləri.
"Layihənin icrası zamanı təqribən 180 iş yerinin yaradılması planlaşdırılır. Həmçinin, yerli kadrlardan istifadə olunmaqla, əsasən layihənin işə salınması və təcrübənin ötürülməsi mərhələsində xarici mütəxəssislərin, o cümlədən azərbaycanlı mütəxəssislərin cəlb edilməsi imkanı da nəzərdə tutulur. Layihənin gələcəkdə genişləndirilməsi, habelə region ərazisində Azərbaycan kapitalının iştirakı ilə əlavə investisiya təşəbbüslərinin həyata keçirilməsi imkanları nəzərdən keçirilir", - qurumdan qeyd edilib.