"Tottenhem" İngiltərə Premyer Liqasının XXX turunun mərkəzi oyununda səfərdə "Liverpul" ilə heç-heçə edib.
"Report" xəbər verir ki, "Enfild"də gerçəkləşən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Görüşün 18-ci dəqiqəsində ev sahiblərinin yarımmüdafiəçisi Dominik Soboslai cərimə zərbəsindən matçda ilk qolu vurub. 90-cı dəqiqədə qonaqların hücumçusu Rişarlison hesabı bərabərləşdirərək komandasına məğlubiyyətdən qaçmağa kömək edib.
Qeyd edək ki, "Tottenhem" bu görüşə qədər ardıcıl altı oyunda məğlub olmuşdu.
Bu oyundan sonra "Liverpul" 49 xalla İngiltərə çempionatının turnir cədvəlində beşinci pillədə qərarlaşıb, "Tottenhem" isə 30 xalla 16-cı yerdədir.