IMG-LOGO

Azad Mirzəcanzadə inkişaf proqramının növbəti qalibləri elan olunub

10 Mar 2026 18:18 7 baxış
IMG

İnnovativ və sosial əhəmiyyətli təşəbbüslərin, liderlik kompetensiyalarının, layihə düşüncəsinin və icra bacarıqlarının gücləndirilməsinə yönəlmiş Azad Mirzəcanzadə inkişaf proqramının üçüncü dalğasının qalibləri elan edilib.

"Report" xəbər verir ki, inkişaf proqramına ümumilikdə 196 fərdi və 53 komanda olmaqla 249 müraciət daxil olub. Bunlardan müsabiqə mərhələsinə seçilmiş 60 layihədən 10 layihə qalib olub.

Bu layihələr texnologiya, təhsil, aqroinnovasiya, ekologiya, mədəniyyət, sosial və elmi tədqiqatlar üzrə həlləri əhatə edir:

Labrix (Mübariz Hüseynzadə, Aysu Məhərrəmova) - kimya laboratoriyaları üçün robotlaşdırılmış qol: riskli əməliyyatları avtomatlaşdıraraq təhlükəsizliyi, dəqiqliyi və proseslərin sabitliyini artırır.

NI – Təbii intellekt (Aqnessa Tariverdiyeva, Ramil Əliyev, Firəngiz Ağalarova, Nərgiz Əsgərova, Ramil Məmmədli, Emin Mathers, Lenay Seidəli-zadə) - elm və müasir incəsənətin kəsişməsində rəqəmsal, multimedia və NFT formatlarında sərgi.

Agrosphere (Bayram Süleymanov, Xanlar İsmayılov, Tacir İsbatov və Əbdüləzim Talıbov) - fermerlər üçün analitik platforma: diaqnostika, torpaq və suvarma analizləri, gübrə və bitki mühafizə vasitələri üzrə tövsiyələr, regionlarda maarifləndirici tədbirlər.

SƏDA (Ceyhun Adıgözəlli, Aysu Adıgözəlli) - nişanlılar və evliliyin ilk 5 ilində olan cütlüklər üçün tədris paketi: sağlam ünsiyyət, empatiya və ailə büdcəsinin idarə edilməsi bacarıqlarını inkişaf etdirir.

Bir ekran ümid (İsmayıl Faxtiyev) - ucqar kəndlərdə uşaqlar üçün səyyar kino nümayişləri: mədəniyyətə bərabər çıxışın təşviqi və sosial aktivliyin artırılması.

Yeni Başlanğıc (Yusif Şərifli) - Ağstafa rayonunda veteranların əmək bazarına adaptasiyası üçün 3 mərhələli model: motivasiya təlimləri və usta yanında praktiki hazırlıq.

Exaimens (Əli Qulamov) – süni intellekt əsaslı öyrənmə platforması: kartlar, fokus sistemi, gündəlik testlər və icma dəstəyi ilə ölçülə bilən böyümə və istifadəçi saxlanması hədəflərini nəzərdə tutur.

ServiX Engineering (Emin Allahverdi, Hüseyn Əliyev) - elektrik və avtomatika üzrə praktiki təlim qrupları, həmçinin təcrübə və işə qəbul prosesinə hazırlıq.

EcoBin (Nicat Həsənov) - inteqrə olunmuş ekoloji həll: günəş enerjisi, üzvi tullantıların komposta çevrilməsi, suyun təmizlənməsi və Əşyalar İnterneti/Sİ ilə ağıllı suvarma.

PaleoKarabakh: 3D modeling and QGIS Project (İlkin Rzayev) - Qarabağ regionunun Paleolit irsinin rəqəmsal sənədləşdirilməsi və qorunması: fotogrammetriya, QGIS xəritələşdirmə və 3D modelləşdirmə ilə həyata keçirilir.

Üçüncü dalğanın qalibləri arasında Bakı ilə yanaşı, Gəncə, Qəbələ, İsmayıllı, Ağstafa və Xankəndidən olan iştirakçılar yer alıb.

Azad Mirzəcanzadə inkişaf proqramı çərçivəsində üçüncü dalğanın hər bir qalibi 5.000 manatadək maliyyə dəstəyi qazanıb. Eyni zamanda qaliblərə layihələrinin daha düzgün planlaşdırılması və dayanıqlı icrası üçün peşəkar və praktik tövsiyələr təqdim olunacaq, təşəbbüslərin həyata keçirilməsi prosesində texniki dəstək göstəriləcək.

Azad Mirzəcanzadə İnkişaf Proqramı bundan sonra da dəyərlərə əsaslanan yanaşma ilə insan kapitalının inkişafına fokuslanaraq, 18–35 yaş aralığında olan Azərbaycan vətəndaşlarının potensialını gücləndirməyi, liderlik qabiliyyətinin və real ictimai dəyər yaradacaq təşəbbüslərin formalaşmasını dəstəkləməyi hədəfləyir.

Xəbər lenti