IMG-LOGO

Prezident andiçmə mərasimində hərbi-vətənpərvərlik məsələsini “yol xəritəsi” kimi təqdim etdi - RƏY

19.02.2024 17:20 101 baxış
IMG

Prezident İlham Əliyev andiçmə mərasimində Azərbaycan xalqının milli-mənəvi dəyərlərindən danışdı, hərbi-vətənpərvərlik məsələsini prioritet istiqamətlərdən biri olduğunu “yol xəritəsi” kimi təqdim etdi.

Bu barədə “Report”a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

O xatırladıb ki, dövlət başçısı çıxışında 44 günlük müharibədə, ümumilikdə, bütün proseslərdə Azərbaycan gəncinin, Ordunun əsgərlərinin sahib olduğu böyük mənəviyyatı, etik davranışları nümayiş etdirdiyini vurğuladı:

“Bu, bir daha bizim tərbiyəmizin, mənəviyyatımızın bariz nümunəsidir. Təsəvvür edin, Ermənistan ordusundan fərarilərin sayı 12 mindən çox idi. Azərbaycan Ordusunda isə ləyaqətlə vuruşan, Vətən uğrunda ölümə getməyə hazır olan on minlərlə igid əsgərimiz dünyaya nümunə oldu. Azərbaycan əsgəri vətənin, torpağın nədən ibarət olduğunu daim dərk edir. Bu, Azərbaycan xalqına xas tərbiyə və dəyərin nümunəsidir. Bütün bunlara baxmayaraq, xaricdən idarə olunan müəyyən qüvvələr var ki, Azərbaycan gəncliyini başqa istiqamətdə istifadə etməyə çalışırlar. Lakin bu alınmır. Ona görə də dövlət başçısı çıxışında qeyd etdi ki, sərhədlərin fiziki və ideoloji cəhətdən qorunması çox mühüm əhəmiyyət kəsb edir. Çünki ideoloji risklər sərhəddən ötürülə bilir. Lakin vətənpərvərlik ruhunda, milli-mənəvi ənənələrlə tərbiyə olunan gənclərimiz bu risklərə qarşı dururlar”.

Arzu Nağıyev

Deputat bildirib ki, Azərbaycan gənclərinin, gələcəyinin inkişafında əsas istiqamətlərdən biri də ailə tərbiyəsi və təhsildir:

"Prezident qeyd etdi ki, Azərbaycan ailəsinin sağlam olması, milli dəyərlərin üzərində qurulması çox vacibdir. Məktəblərdə uşaqlara aşılanan dəyərlər, müstəqillik, milli ləyaqət - hamısına diqqət edilməlidir. Torpaqlarımızın müxtəlif dövrlərdə əlimizdən alınmasını, bizə qarşı törədilən qətliamları, soyqırımılarını heç bir nəsil unutmamalı, unutdurmamalıdır. Gənclərimizin milli ruhda tərbiyə edilməsi digər xalqların mədəniyyətindən xəbərdar olmamasına gətirib çıxara bilməz. Hərtərəfli savadlı bir nəsil yetişdirməliyik. Lakin bu nəsil qarşısında duran əsas məram və məqsədi anlamalı, genofondumuzun yetişdirilməsində bu tərbiyədən istifadə etməlidir. Bu istiqamətdə dövlət siyasəti aparılır”.

A.Nağıyev vurğulayıb ki, dövlət başçısının çıxışında toxunduğu məsələlərdən biri də cəmiyyətin həmrəy olması ilə əlaqədar idi:

“Keçmişdə də olduğu kimi, milli-mənəvi dəyərlərə hörmət, ağsaqqal sözünü dərk etmək, bununla bərabər, bütün proseslərdə gənclərin rolunu gücləndirmək mühümdür. Belə yol xəritəsinin təqdim olunması ilə göstərilir ki, dövlət qurumları və cəmiyyət ailə dəyərlərinin, milli-mənəvi ənənələrin təbliği üçün ciddi addımlar atmalıdır. Çünki bu, ana dilinin, müstəqilliyin əldə saxlanması üçün önəmli amildir. Hər bir gənc, hər bir insan, hər bir Azərbaycan vətəndaşı dərk etməlidir ki, bizim vətənimiz, bayrağımız, gerbimiz və daxili, xarici siyasəti daim bir istiqamətdə olan, dövlətin müstəqilliyini qoruyan Ali Baş Komandanımız var”.

Bizim Telegram kanalımıza abunə olun

Xəbər lenti