IMG-LOGO

Jalə Bəhramova "Change the World Academy"nin Mərkəzi Asiya və Qafqaz regionu üzrə səfiri seçilib

04 Mar 2026 20:30 4 baxış
IMG

Azərbaycanda beynəlxalq təhsil platformasının rəhbəri Jalə Bəhramova BMT nəzdində fəaliyyət göstərən "Change the World Academy"nin Mərkəzi Asiya və Qafqaz regionu üzrə səfiri seçilib.

"Report" xəbər verir ki, bu status "Shane Academy"nin direktoru Jalə Bəhramovaya Mərkəzi Asiya və Qafqaz regionunda gənclərin inkişafı, təhsil imkanları və qlobal əməkdaşlıqların genişləndirilməsi istiqamətində fəaliyyət göstərməklə yanaşı, Azərbaycanı beynəlxalq təhsil və inkişaf platformalarında təmsil etməyə imkan yaradır.

Akademiya tələbələr arasında diplomatiya, liderlik, danışıqlar və beynəlxalq şəbəkələşmə bacarıqlarını inkişaf etdirməyə yönəlmiş qlobal miqyaslı nüfuzlu təşkilatdır. Bu platforma gənclərə beynəlxalq səhnəyə çıxmaq, öz ölkələrini təmsil etmək və gələcəyin qlobal liderləri olmaq üçün vacib bacarıqları inkişaf etdirməyə şərait yaradır.

Jalə Bəhramovanın "Change the World Academy"nin səfiri seçilməsi Azərbaycanın beynəlxalq təhsil və diplomatiya sahəsində artan rolunun göstəricisi olmaqla yanaşı Azərbaycan qadınının qlobal platformalarda söz sahibi ola bilməsinin, diplomatiya və liderlik sahəsində aktiv rol almasının etirafıdır.

O, səfir kimi əsas missiyasının Azərbaycan, Qafqaz, Mərkəzi Asiya və Türk dünyasından olan tələbələrin beynəlxalq proqramlarda iştirak etməsi, ölkələrini qürurla təmsil etməsi və gələcəyin qlobal liderlərinə çevrilməsi olduğunu bildirib.

Azərbaycanlı tələbələrin beynəlxalq platformalarda iştirakının biliklə yanaşı onlara özünəinam, vizyon və liderlik bacarıqları aşıladığını qeyd edən "Change the World Academy"nin səfiri əsas məqsədinin ölkəmizin tanıdılması. gənclərimizin təhsil və beynəlxalq inkişafı üçün ən yaxşı imkanlara çıxışını təmin etməkdir.

Səfirin əsas strateji məqsədlərindən biri Bakını "Change the World Academy" platforması çərçivəsində Qafqaz və türkdilli ölkələrin gənclərinin görüş nöqtəsinə çevirməkdir. Bu təşəbbüs region ölkələri arasında akademik əməkdaşlığın gücləndirilməsi, gənclər arasında diplomatik dialoqun inkişafı və Bakının beynəlxalq təhsil və liderlik platforması kimi mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edəcək.

Xəbər lenti