BMT-nin Baş katibi Antonio Quterreş Yaxın Şərqdə hərbi eskalasiyanı pisləyib və bunun beynəlxalq sülh və sabitliyi sarsıtdığını bəyan edib.
"Report" xəbər verir ki, bu barədə baş katibin mətbuat xidməti tərəfindən yayılan bəyanatında vurğulanıb.
"Mən bu gün Yaxın Şərqdə baş verən hərbi eskalasiyanı pisləyirəm. ABŞ və İsrailin İrana qarşı güc tətbiq etməsi və İranın regionda sonrakı cavabı beynəlxalq sülh və sabitliyi sarsıdır", - sənəddə qeyd olunub.
Quterreş həmçinin Yaxın Şərqdə döyüş əməliyyatlarının dərhal dayandırılmasına, eləcə də vəziyyətin deeskalasiyasına çağırıb.
"Bu dayandırılmasa, mülki şəxslər və regional sabitlik üçün ciddi təhdidlər yaranacaq, regional münaqişə riskləri artacaq. Mən bütün tərəfləri danışıqlar masasına qayıtmağa çağırıram", - bəyanatda vurğulanıb.
Xatırladaq ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. Donald Tramp iranlı hərbçilərə silahı yerə qoymağı və ya ölməyi təklif edib. İsrail və ABŞ tərəfinin səhər saatlarında endirdiyi zərbələr zamanı İranın Minab şəhərində bir məktəb hücuma məruz qalıb. Respublikanın Səhiyyə Nazirliyinin məlumatına görə, hücum nəticəsində 70 nəfər həlak olub, daha 80 nəfər isə yaralanıb.
Daha əvvəl bildirilib ki, BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb. Görüşün Bakı vaxtı ilə saat 01:00-da başlanması gözlənilir.