Birinci Türkoloji Qurultayın 100 illik yubileyi çərçivəsində gənc alimlər üçün müsabiqələr təşkil ediləcək.
"Report" xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova "Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik" mövzusunda beynəlxalq elmi konfransda deyib.
Onun sözlərinə görə, türk xalqları arasında milli ideyalarının yayılmasında, dövlət müstəqilliyinin elmi-mədəni əsaslarının formalaşdırılmasında Birinci Türkoloji Qurultayın rolu əvəzolunmazdır:
"Hazırda həm elmi toplantı və konfranslarda mövzu ətrafında geniş müzakirələr aparılır, həm də ali təhsil müəssisələrində qurultay materiallarının tədris prosesinə inteqrasiyası istiqamətində ardıcıl işlər görülür. Universitetlərdə Birinci Türkoloji Qurultayın zəngin elmi irsinin sistemli şəkildə öyrənilməsi məqsədilə metodik vəsaitlər, tədris proqramları və xüsusi kurslar hazırlanır. Həmçinin Elm və Təhsil Nazirliyinin aidiyyəti qurumlarla birgə il ərzində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş elmi konfrans, simpozium, sessiya, seminar və dəyirmi masalar, sərgilər keçirməsi, eyni zamanda, gənclər üçün təqaüd proqramı hazırlaması, gənc alimlər üçün müsabiqələr təşkili və s. nəzərdə tutulub".