İran İslam Respublikası Əfqanıstanla Pakistan arasında danışıqlarda vasitəçilik etməyə hazırdır.
"Report" "Mehr" informasiya agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X" səhifəsindəki paylaşımında bildirib.
Nazir iki ölkə arasında fikir ayrılıqlarını dialoq və qonşuluq münasibətləri yolu ilə həll etməyə çağırıb.
Əraqçi müqəddəs Ramazan ayının özünü məhdudlaşdırma və İslam həmrəyliyi dövrü kimi əhəmiyyətinin olduğunu da vurğulayıb.
XİN başçısı İranın danışıqlar prosesinə vasitəçilik etmək istədiklərini təsdiqləyərək, ölkəsinin Kabil ilə İslamabad arasında konstruktiv dialoqun aparılmasına, qarşılıqlı anlaşmanın dərinləşdirilməsinə və əməkdaşlığın inkişafına kömək etmək üçün istənilən lazımi yardımı göstərməyə hazır olduğunu bəyan edib.
Qeyd edək ki, Pakistanın Müdafiə Nazirliyi fevralın 27-də yaydığı açıqlamada bildirib ki, hər iki ölkə gecə saatlarında zərbələr endirdikdən sonra ölkəsi qonşu Əfqanıstanla "açıq müharibə" vəziyyətindədir. Əfqanıstanın "Taliban" hökuməti bildirib ki, Pakistan Əfqanıstana sərhədboyu hücuma keçəndən bir neçə saat sonra gecə saatlarında Kabil, Qəndəhar, Paktiya, Nənqərhar vilayətlərinə zərbələr endirib.
Pakistan "PTV" kanalının məlumatına görə, hücum nəticəsində 72 əfqan hərbçi ölüb, daha 120-si yaralanıb. Sursat anbarının və 30-dan çox texnika vahidinin məhv edildiyi bildirilir. "Taliban" hökuməti bildirib ki, sərhəddəki döyüşlərdə 55 pakistanlı hərbçi ölüb, 11-i yaralanıb, Pakistanın 19 blokopostunu ələ keçiriblər.
Pakistanın müdafiə naziri Xacə M. Asif talibləri terrorçuları dəstəkləməkdə və Hindistanın maraqlarına işləməkdə ittiham edib.