IMG-LOGO

Hərbçilərə tutduqları vəzifəyə, hərbi rütbələrə görə verilən ödənişin məbləğinin artırılması təklif edilir

27 Feb 2026 09:02 2 baxış
IMG

Hərbçilərə tutduqları vəzifəyə, hərbi rütbələrə görə verilən ödənişin məbləğinin artırılması təklif edilir.

"Report" xəbər verir ki, bununla bağlı məsələ İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb.

Sənəd Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Belə ki, ombudsmanın təklifinə görə, hərbi qulluqçulara (müddətli həqiqi hərbi qulluqçular istisna olmaqla) tutduqları vəzifəyə, habelə hərbi rütbələrə görə ödənilən pul təminatının məbləği artırılmalıdır.

Qeyd olunub ki, real vəziyyət, habelə mənzil kirayəsində qiymət artımı nəzərə alınaraq, hərbi qulluqçulara müvəqqəti mənzil kirayəsi üçün müəyyən edilmiş pul kompensasiyasının məbləği də artırılmalıdır.

Sənəddə vurğulanıb ki, birinci Qarabağ müharibəsindən Vətən müharibəsinin başlanmasınadək olan müddətdə Respublikanın ərazi bütövlüyü uğrunda baş vermiş döyüş əməliyyatlarında (2016-cı ilin aprel döyüşlərində, 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində və digər hərbi toqquşmalarda), həmçinin 2023-cü ildə keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin statusuna aydınlıq gətirilməsi də vacibdir.

Həmçinin, şəxs müddətli həqiqi hərbi xidmətdə olduğu müddətdə onun uşaqlarına ödənilən müavinətin məbləğinin ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğunlaşdırılması da təklif olunur.

Xəbər lenti