IMG-LOGO

Qazaxıstanda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunan anım mərasimi baş tutub

26 Feb 2026 13:54 2 baxış
IMG

Azərbaycanın Qazaxıstandakı səfirliyində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

"Report"un Qazaxıstan bürosunun məlumatına görə, tədbirdə dövlət qurumlarının, ictimai təşkilatların, ekspert birliyinin və Azərbaycan diasporunun nümayəndələri, o cümlədən Qazaxıstanda təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Mərasimdə çıxış edən Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov Xocalı soyqırımının XX əsrin sonlarında dinc əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıb.

O xatırladıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini məhv ediblər, nəticədə uşaqlar, qadınlar və yaşlılar da daxil olmaqla 613 dinc sakin öldürülüb.

Səfir qeyd edib ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra faciəyə siyasi-hüquqi qiymət verilib, 1994-cü ilin fevralında isə Milli Məclis baş verənləri rəsmən soyqırımı aktı kimi dəyərləndirib.

O həmçinin vurğulayıb ki, Xocalı soyqırımının tanınması və beynəlxalq hüquqi qiymətinin verilməsi Prezident İlham Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın xarici siyasət prioritetlərindən biri olaraq qalır. Xüsusilə qeyd olunub ki, Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Xocalı soyqırımı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində sistemli iş aparılır.

Tədbir zamanı bu faciəvi hadisəyə beynəlxalq reaksiya barədə məlumat verilib: 18 ölkənin qanunvericilik orqanları, eləcə də ABŞ-ın 26 ştatı Xocalı soyqırımını pisləyən qətnamə və bəyanatlar qəbul edib. Müvafiq sənədlər həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı çərçivəsində qəbul edilib.

Tədbir iştirakçılarına xatırladılıb ki, 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaldıb, 2024-cü ilin mayında sakinlərin şəhərə ilk qayıdışı baş tutub, 2025-ci ilin fevralında isə Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında fərman imzalanıb.

Tədbirdə həmçinin tarixçi Rizvan Hüseynov çıxış edib.

Tədbir faciə qurbanlarının xatirəsinə bir dəqiqəlik sükutla yekunlaşıb.

Xəbər lenti