"Xocalı: Əsir Uşaqlıq" sənədli filminin hazırlanması son dərəcə ağır və böyük məsuliyyət tələb edən proses olub.
"Report" xəbər verir ki, bunu ekran işinin müəllifi Səbinə Məlikova jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, əvvəlki işlərdən fərqli olaraq bu layihədə Xocalıda baş vermiş dəhşətli hadisələri uşaqlar nəql edəcək:
"Uzun illər ərzində Xocalı soyqırımını müxtəlif rakurslardan - qadınların, döyüşən gənclərin, yaşlı nəslin dilindən işıqlandırmışıq. Lakin bu dəfə Xocalıda yaşanan faciəvi hadisələri uşaqlar danışacaq. Bu filmi çəkmək bizim üçün, şübhəsiz ki, həm böyük məsuliyyət, həm də olduqca çətin idi".
S.Məlikova eyni zamanda Xocalı faciəsinin mütəmadi olaraq yad edilməsinin vacibliyinə də toxunub:
"Biz üzərimizə düşən vəzifənin fərqindəyik və dərk edirik ki, Xocalı soyqırımı heç vaxt Azərbaycan xalqının yaddaşından silinməməlidir. Hər bir azərbaycanlı da bunun üçün əlindən gələni etməlidir".