Biz tarixən bir-birinə dostluq və mehriban qonşuluq telləri ilə bağlı olan xalqlarımızın iradəsindən güc alan Azərbaycan-Gürcüstan münasibətlərinə xüsusi əhəmiyyət veririk.
“Report” xəbər verir ki, bu, Azərbaycan Prezidenti İlham Əliyev İrakli Kobaxidzeyə Gürcüstanın Baş naziri kimi fəaliyyətə başlaması münasibətilə məktubunda yer alıb.
“Qarşılıqlı etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimizin və əməkdaşlığımızın dinamik və hərtərəfli inkişaf edərək bugünkü səviyyəyə yüksəlməsi və yeni məzmun kəsb etməsi bizi sevindirir.
Əminəm ki, sağlam təməllər üzərində qurulmuş Azərbaycan-Gürcüstan ənənəvi dostluğu, qarşılıqlı faydalı əməkdaşlığı və strateji tərəfdaşlığı ölkələrimizin rifahı, regionumuzun çiçəklənməsi naminə birgə səylərimizlə bundan sonra da yüksələn xətlə inkişaf etməyə və möhkəmlənməyə davam edəcəkdir”, - Azərbaycan Prezidenti vurğulayıb.
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqının əmin-amanlığı və firavanlığı naminə qarşıdakı məsul fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
Bizim WhatsApp kanalımıza abunə olun