Azərbaycan eksponatları Özbəkistan Dövlət Tarix Muzeyinin daimi ekspozisiyasında nümayiş olunacaq.
"Report" xəbər verir ki, bu barədə qərar Özbəkistan Dövlət Tarix Muzeyinin direktoru Cənnət İsmayılova ilə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli arasında keçirilən görüşdə qəbul olunub.
Bildirilib ki, tərəflər muzey fəaliyyətinin mövcud vəziyyəti, ikitərəfli mədəni əməkdaşlığın inkişaf perspektivləri, həmçinin birgə sərgi və elmi-maarifləndirici layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Qeyd olunub ki, humanitar sahədə əməkdaşlığın genişləndirilməsi Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərinin davamlı inkişafı çərçivəsində həyata keçirilir.
Onlar, həmçinin, iki xalqın zəngin tarixi-mədəni irsinin təbliği istiqamətində əməkdaşlığın genişləndirilməsi və muzeylərarası əlaqələrin yeni mərhələyə yüksəldilməsi məsələlərinə xüsusi diqqət yetiriblər.