IMG-LOGO

Tel-Əviv və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olunub

16 Feb 2026 10:54 3 baxış
IMG

İsraildə Azərbaycan Səfirliyinin və "Sholumi" Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə "Əsrlərdən gələn ənənə" filminin təqdimat mərasimi keçirilib.

Səfirlikdən "Report"a verilən xəbərə görə, təqdimat mərasimində çıxış edən Azərbaycanın İsrail Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Muxtar Məmmədov İsrail xalqı ilə Azərbaycan arasında çoxəsrlik dostluq və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin son illər ərzində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini məmnunluqla vurğulayıb.

O, Rüfət Əsədovun filminin iki xalq və ölkə arasındakı münasibətlərə böyük töhfə verəcəyinə əminliyini ifadə edib.

Filmin rejissoru Rüfət Əsədov da, öz növbəsində, Azərbaycanın əsrlər boyu Şərq və Qərb mədəniyyətlərinin, müxtəlif sivilizasiyaların qovuşduğu, multikulturalizm və tolerantlıq nümunələrinin yaşadığı məkan olduğunu diqqətə çatdıraraq ərsəyə gəlin filmin də məhz bu nümunələri əks etdirdiyini bildirib.

Sözügedən filmin bir digər təqdimatı isə Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının və "Sholumi" Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Qüds şəhərində keçirilib.

Tədbirdə Qüdsün müxtəlif icmalarının nümayəndələri iştirak edib.

Qeyd edək ki, film xalçaçı-rəssam, kolleksioner, dağ yəhudilərinin mədəni irsinin tədqiqatçısı Albert Rəfiyevin yaradıcılığı haqqındadır.

Əslən Quba rayonunun Qırmızı qəsəbəsindən olan filmin qəhrəmanı öz yaradıcılığında Azərbaycan və yəhudi xalqlarının mədəniyyətlərini birləşdirir. Onun əsərlərində Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin sülh şəraitində yaşadığı, multikulturalizm və tolerantlıq ənənələrinin yüksək səviyyədə olduğu bir ölkə olaraq tərənnüm edilir.

Film artıq Amerika Birləşmiş Ştatları, Almaniya, Niderland, Çexiya, Rusiya və başqa ölkələrdən təkliflər alıb.

Rejissoru Rüfət Əsədov, prodüseri israilli Shaul Siman-Tov olan sənədli ekran əsəri Azərbaycan və İsrail kinematoqrafçılarının birgə istehsalıdır.

Xəbər lenti