Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) ilə Türkiyənin dənizçilik sahəsində ixtisaslaşmış yeganə ali təhsil müəssisəsi olan Piri Reis Universiteti (PRU) arasında strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
"Report" xəbər verir ki, Anlaşmanın Memorandumunun imzalanması münasibətilə keçirilən onlayn görüşdə ADDA-nın rektor vəzifəsini icra edən Eldar Qocayev və PRU-nun rektoru Nafiz Arıca öz rəhbərlik etdikləri akademik və inzibati heyətlə birlikdə iştirak ediblər.
Görüş zamanı Anlaşma Memorandumuna əsaslanan Strateji Akademik Əməkdaşlıq çərçivəsində təhsil və elmi-tədqiqat sahələrində uzunmüddətli əməkdaşlıq, o cümlədən akademik mübadilə, birgə tədris proqramlarının hazırlanması, elmi layihələrin icrası və tədbirlərin təşkili imkanları ətraflı müzakirə olunub. Tərəflər əməkdaşlığın mərhələli və sistemli şəkildə həyata keçiriləcəyini vurğulayıblar.

