Azərbaycan xalqı illər ərzində təkcə torpaqlarının işğaldan azad olunmasını deyil, həm də insanlıq əleyhinə müharibə cinayətləri törədən şəxslərin ədalət qarşısında cavab verəcəyini gözləyirdi.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev də siyasətini məhz bu istiqamətdə qurdu:
"Dövlət başçısı bildirirdi ki, günahsız insanların qanına əli bulaşan şəxslər Azərbaycana gətiriləcək və layiqli cəzalarını alacaqlar. Nəticədə ölkə başçısı bütün vədlərində olduğu kimi, bu məsələdə də verdiyi sözə sadiq qaldı, xalqın inam və etimadını doğruldaraq Xocalı soyqırımını, xalqımıza qarşı digər ağır cinayətləri törədən şəxslərin layiqli cəzalarını almalarına nail oldu. Azərbaycan müasir dünya tarixində nadir ölkələrdəndir ki, həm öz ərazi bütövlüyü və suverenliyini bərpa edib, həm də bu sayaq cinayətkarların cəzalandırılmasını təmin etdi. Xüsusi bir məqam ondan ibarətdir ki, Azərbaycan nəinki heç bir yerdən yardım almadan bu işlərin öhdəsindən gəldi".
Deputat Azərbaycanda keçirilən erməniəsilli şəxslərin məhkəmə prosesi ilə bağlı dövlət başçısına kənardan davamlı siyasi təzyiqlərin olduğunu da xatırladıb:
"Lakin bunların heç biri Prezidentin qəti mövqeyinə təsir göstərə bilmədi. İndi yaşadığımız hisslər isə məhz ədalətin təntənəsidir".
A.Badamov vurğulayıb ki, Azərbaycan müharibələrin və münaqişələrin həlli üçün məqbul, nümunəvi bir model ortaya qoyub:
"Qlobal proseslər hər kəsin gözünün qarşısında baş verir. Bir çox hallarda mülki insanları amansızlıqla qətlə yetirən cinayətkarların məsuliyyətdən kənarda qaldıqlarını görürük. Bu isə müharibənin və münaqişənin tam həlli deyil. Bu, natamam sonluqdur. Azərbaycan isə tam sonluğa nail oldu".
O qeyd edib ki, erməniəsilli şəxslərin məhkəməsində təkzibedilməz sübut-dəlillər bir-bir ortaya qoyulub:
"Çox sayda zərərçəkmişin ifadələri alındı və beləliklə, bütün dünya bu cinayətkarların hansı vəhşilikləri törətdiklərinin şahid oldu. Məsələn, Levon Mnatsakanyan etiraf etdi ki, artıq tarixin tozlu səhifələrinə qərq olmuş qondarma rejimin "ordu"su heç vaxt müstəqil qüvvə olmayıb, o məhz İrəvandan göstərişlər alaraq Ermənistan ordusunun ən böyük hərbi birləşməsi qismində hərəkət edib.
Qondarma rejimin "ordu"sunda da yuxarı vəzifələrə təyinat birbaşa İrəvanın göstərişi ilə həyata keçirilib. Bu isə o deməkdir ki, Ermənistan bu proseslərin birbaşa iştirakçısı olub. Ona görə də həmin cinayətkarların cəzalandırılması xalqımızı son dərəcə məmnun etdi".
Xatırladaq ki, ötən gün Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən 15 nəfərə hökm oxunub.
Onlar Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə günahkar biliniblər.

