IMG-LOGO

Gürcüstanda 10 həkimin psixotrop dərmanları qanunsuz təyin etdiyi üzə çıxıb

06 Feb 2026 13:16 3 baxış
IMG

Gürcüstan Səhiyyə Nazirliyi psixotrop dərmanların qanunsuz və həddindən artıq təyin edilməsi faktları ilə bağlı 10 həkim barədə istintaq orqanlarına müraciət edib.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, nazirliyin məlumatına görə, aparılan monitorinq və araşdırmalar nəticəsində bir həkimin tibbi fəaliyyəti üçün verilmiş lisenziya birdəfəlik ləğv edilib, səkkiz həkimin praktik fəaliyyəti altı ay müddətinə dayandırılıb, bir həkimə isə yazılı xəbərdarlıq edilib.

Aşkarlanmış bəzi pozuntular hüquqi qiymət verilməsi üçün istintaq orqanlarına göndərilib.

Bildirilib ki, psixotrop dərmanların qanunsuz təyin edilməsi halları Səhiyyə Nazirliyinin Peşəkar İnkişaf Şurasında müzakirə olunub və ciddi risklər müəyyən edilib. Araşdırmalar zamanı bir sıra hallarda diaqnoz qoyulmadan, xəstə ilə müvafiq tibbi məsləhətləşmə aparılmadan reseptlərin yazıldığı üzə çıxıb. Eyni xəstəyə bir neçə güclü psixotrop preparatın paralel təyin edilməsi, eləcə də gündəlik icazə verilən dozadan iki-üç dəfə artıq dərman yazılması faktları da aşkarlanıb. Bundan başqa, bəzi hallarda bu kateqoriyadan olan dərmanlar üçün müvafiq icazəsi olmayan həkimlərin resept verdiyi müəyyən edilib.

Səhiyyə naziri Mixeil Sarjveladzenin sözlərinə görə, aşkarlanmış pozuntulara mövcud qanunvericilik çərçivəsində sərt reaksiya veriləcək. O qeyd edib ki, bu cür risklərin qarşısının alınması məqsədilə nəzarət mexanizmlərinin gücləndirilməsi və normativ bazanın yenilənməsi istiqamətində iş aparılır.

Xəbər lenti