Ermənistan parlamentinin sədri Alen Simonyan İrəvanın Avropa İttifaqı (Aİ) ilə əlaqələr naminə Moskva ilə qarşılıqlı fəaliyyəti azaltdığına dair iddiaların doğru olmadığını bildirib.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, o bu barədə Moskvada Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşdən sonra jurnalistlərə danışıb.
"İrəvan Moskvanın üz döndərəcəyindən, Aİ-nin isə ona dəstək durmayacağından qorxmur?" sualına cavab olaraq parlament sədri qeyd edib: "Mən fikirinizlə razılaşmıram. Hesab edirəm ki, Ermənistan suveren dövlət kimi öz siyasətini balanslaşdırmaq hüququna malikdir. Ermənistan kiminsə tərəfini tutmaq və ya kiməsə qarşı olmaq niyyətində deyil".
Simonyan vurğulayıb ki, İrəvanın öz xarici siyasəti və müvafiq baxışı var, xüsusilə hərbi münaqişədən sonra: "Düşünürəm ki, verdiyiniz sualın cavabını 2020-ci ildən sonra baş verən hadisələrdə tapmaq olar. Ermənistanın siyasi kursu dəyişdiyinə dair yanaşma yanlışdır".
Matviyenko öz növbəsində qeyd edib ki, Rusiyanın əsas məqsədi Ermənistanda firavanlıq və sabit siyasi vəziyyətin olmasıdır.