IMG-LOGO

Kahramanmaraşdakı Heydər Əliyev adına məktəbin direktoru: Zəlzələdə 238 şagird və 4 müəllim şəhid olub

05 Feb 2026 18:57 4 baxış
IMG

Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan" yaşayış məhəlləsində inşa edilən Heydər Əliyev adına müasir tipli ibtidai məktəbin direktoru Murat Demirçi üç il əvvəl baş verən zəlzələdə təhsil müəssisəsində oxuyan 238 şagird və 4 müəllimin şəhid olduğunu bildirib.

"Report"un Türkiyə bürosuna açıqlamasında M.Demirçi xatırladıb ki, zəlzələdən əvvəl buradakı məktəbdə 1 200-dən çox şagird təhsil alıb.

O bildirib ki, zəlzələdən sonra təhsil müəssisəsi tamamilə dağılmışdı:

"Dəhşətli fəlakət istər fiziki, istərsə də mənəvi baxımdan Kahramanmaraşdakı hər evə böyük zərbə vurdu. Xüsusilə şəhərin mərkəzi hissəsində yerləşən bu ərazidə çox itkilər oldu. Həmin ərəfədə Azərbaycanın qardaş dəstəyini yaxından gördükdə, Kahramanmaraş sakinlərinin də istəyilə məktəbin adını dəyişib Ulu Öndər Heydər Əliyev adını daşıması arzu olundu. Öncə şəhərin Onikişubat rayonunda yerləşən bu ərazinin adı Hayrullah məhəlləsi idi və bu rayonda Azərbaycan adını daşıyan prospekt vardı. Amma qardaşlarımızın yaxından dəstəyini hiss etdikdən sonra bizim istəyimizlə bura bütünlükdə Azərbaycan adının verilməsini istədik. Çünki yaralarımızın sağalmasında ən çox dəstəyi məhz Azərbaycandan - həm dövlətdən, həm də xalqdan hiss etdik. Ona görə də həm İlham Əliyevə, həm də xalqınıza təşəkkür edirəm".

Direktorun sözlərinə görə, bu tədris ilində I sinfə qəbulla bağlı elektron sistem üzərindən araşdırma aparılırkən məlum olub ki, Azərbaycan məhəlləsində birinci sinfə getməli olan 38 uşaq zəlzələ zamanı həyatını itirib:

"Təbii ki, Türkiyə üçün əsrin fəlakəti olan bu dəhşətli hadisədən ağır sarsıntılar yaşayırıq. Xüsusilə şagirdlərimizin psixoloji dəstəyə uzun müddət ehtiyacı olacaq. Amma bu sarsıntılar bizi daha da möhkəmləndirdi, sanki yenidən doğulduq. Şagirdlərimizi nikbin və türk milli kökə bağlı ruhda böyüdürük".

Xəbər lenti