Bakıda təşkil olunan "LEGIS" Beynəlxalq Hüquq Forumu başa çatıb.
"Report" xəbər verir ki, forumun məqsədi dövlət-özəl sektorları arasında hüquq mövzusu üzrə əməkdaşlığın təşviqi, hüquq mütəxəssisləri üçün bilik mübadiləsinin təşkili, əsas qanunvericilik islahatlarını müzakirəsi və mövcud hüquqi boşluqları dəyərləndirmək üçün dinamik bir platforma yaratmaqdır.
Tədbirin açılış mərasimində mədəniyyət naziri Adil Kərimli, Ali Məhkəməsinin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov, Baş prokuroru Kamran Əliyev, PAŞA Holding-in Baş icraçı direktoru Cəlal Qasımov, eləcə də PAŞA Holding-in Hüquq və Dövlət qurumları ilə əlaqələr departamentinin direktoru Aytac Qasımova çıxış ediblər.
Forum çərçivəsində hüquq sahəsinin aktual mövzularını əhatə edən çıxışlar və panel müzakirələri də təşkil olunub. Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov çıxış edərək hüquq təhsilində islahatların vacibliyi və bu islahatların ölkənin hüquq sisteminin inkişafındakı rolu barədə fikirlərini bölüşüb.
Daha sonra "Qlobal çağırışlar fonunda Azərbaycanın hüquq təhsili modeli" mövzusunda panel müzakirəsi keçirilib. Panelistlər Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Ədliyyə Akademiyasının rektoru Rövşən İsmayılov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Avropa İnsan Hüquqları Məhkəməsinin hakimi Lətif Hüseynov və Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev çıxış ediblər. Panel zamanı hüquq təhsilinin müasirləşdirilməsi, nəzəri və praktiki biliklərin balansı, eləcə də peşəkar və etik dəyərlərə malik hüquqşünasların hazırlanması məsələləri müzakirə olunub.
Forumda həmçinin beynəlxalq ekspertlərin çıxışları da diqqət çəkib. Jamie Susskind, Harvard və Oxford universitetlərində tədqiqatçı, İngiltərə və Uels üzrə fəaliyyət göstərən barrister, süni intellekt və texnologiya hüququ mövzusunda "New York Times" bestseller kitablarının müəllifi, süni intellektin hüquq sahəsində artan roluna və onun hüquqi qərarverməni dəstəkləməli, lakin əvəz etməməli olduğuna diqqət çəkib.
Sonda "Süni intellekt və hüquq: tənzimləmə, məsuliyyət və gələcəyin imkanları" mövzusunda panel müzakirəsi baş tutub, süni intellektin hüquq sahəsində təsiri və hüquqi xidmətlərin gələcəyi mövzusunda fikir mübadiləsi aparıblar.

