IMG-LOGO

Qərbi Azərbaycana qayıdışı da sülh və konsensusla həll etmək olar - RƏY

05 Feb 2026 16:52 3 baxış
IMG

Ötən il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalar, sülh müqaviləsinin paraflanması, liderlər arasında etimad quruculuğu Qərbi Azərbaycana qayıdış da daxil olmaqla, bütün məsələləri danışıqlar, sülh və konsensusla həll etməyin mümkünlüyünə ümid yaradır.

Bu fikirləri "Report"a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov iki ölkə arasındakı sülh prosesinin fonunda Qərbi Azərbaycana qayıdışın aktuallaşmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında sülh prosesində çox pozitiv dinamika hiss olunmaqdadır:

"Ağ Evdə tarixi görüş keçirildikdən sonra bir sıra mühüm təmaslar icra olunub. Qarşılıqlı faydaya əsaslanan bərabərhüquqlu münasibətlərin quruculuğu müstəvisində vətəndaş cəmiyyəti üzvlərinin İrəvan və Bakıda görüşü keçirildi. Daha sonra Azərbaycan ərazisindən keçməklə Ermənistana taxıl tədarükü icra olundu".

Siyasi şərhçi bildirib ki, eyni zamanda, strateji əhəmiyyət kəsb edən neft məhsullarının Azərbaycan və Gürcüstan vasitəsilə Ermənistana tədarükü həllini tapdı: "Bu da bizdə əminlik yaradır ki, dövlətlər arasında iqtisadi əlaqələr qurmaq, diplomatik münasibətlər formalaşdırmaq mümkündür və biz sülh şəraitində yaşamalıyıq.

Prezident İlham Əliyevin Əbu-Dabidə "Zayed İnsan Qardaşlığı" mükafatının təqdimolunma mərasimində söylədiyi kimi, bizim üçün yeni reallıqlarda sülh şəraitində yaşamaq önəmlidir və biz buna öyrəşirik.

Artıq bir neçə aydır ki, əmin-amanlıq, sabitlik, sülh və təhlükəsizlik hökm sürür. Bu əldə olunan nəticəni inkişaf etdirmək, hesab edirəm ki, müstəsna əhəmiyyətə malikdir".

İ.Hüseynov hesab edir ki, Qərbi azərbaycanlıların öz yurduna qayıdışı da mühüm irəliləyişin davamıl kimi icra oluna bilər:

"Çünki bu müstəvidə Azərbaycanın mövqeyi kifayət qədər açıq, şəffafdır və dəfələrlə bəyan olunub. Bizim üçün sülh prosesi çərçivəsində bu məsələnin həlli önəmli xarakter daşıyır. Biz Qərbi Azərbaycana yəni, tarixi torpaqlarımıza avtomobillərlə getmək, sülh şəraitində bu ərazidə olmaq niyyətindəyik. Artıq Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının maddələrinin icrası haqqında da ictimaiyyətdə fikirlər, mövqelər eşidirik".

Siyasi şərhçinin fikrincə, Qərbi Azərbaycan icması qayıdışın aktuallığı istiqamətində effektiv fəaliyyət göstərir:

"İcma beynəlxalq və yerli müstəvidə bir sıra mühüm tədbirlərə, müzakirələrə, dəyirmi masalara, konfranslara imza atıb. Onların gördüyü işlər davam edir. Hesab edirəm ki, qlobal miqyasda da dövlətimiz üçün əhəmiyyət kəsb edən bu məsələnin həllini yaxın gələcəkdə görəcəyik".

Xəbər lenti