Azərbaycan Çini mühüm iqtisadi tərəfdaşlarından biri kimi qiymətləndirir və ikitərəfli əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verir.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çinin "Global Times" nəşrinə müsahibəsində bildirib.
"Azərbaycan öz nəqliyyat infrastrukturu və tranzit potensialının qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi ilə bağlı Çinin də dəstəklədiyi təşəbbüslərlə uzlaşdırılmasına, eləcə də Orta Dəhlizin Şərqlə Qərb arasında etibarlı marşrut kimi möhkəmləndirilməsinə strateji əhəmiyyət verir", - nazir bildirib.
O vurğulayıb ki, Bakı, həmçinin Çinlə təhsil, mədəniyyət, turizm və humanitar mübadilə sahələrində əməkdaşlığın genişləndirilməsinə böyük önəm verir ki, bu da iki ölkənin xalqları arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsinə kömək edəcək. XİN başçısı vurğulayıb ki, Azərbaycanın Çinlə hərtərəfli strateji tərəfdaşlığı uzunmüddətli, çoxölçülü və qarşılıqlı faydalı əməkdaşlıq modelidir.
"Bizim nöqteyi-nəzərimizdən tərəfdaşlıq bir neçə əsas sütuna, ilk növbədə, ölkələrimizin liderləri arasında münasibətlərə, qarşılıqlı siyasi etimada və ikitərəfli və çoxtərəfli məsələlər üzrə yüksək səviyyədə dialoqa əsaslanır. Bərpa olunan enerji, "yaşıl" texnologiyalar və davamlı inkişaf sahəsində əməkdaşlıq da hərtərəfli strateji tərəfdaşlığın perspektivli və gələcəyə yönəlmiş istiqaməti kimi nəzərdən keçirilir", - nazir vurğulayıb.
Xəbər yenilənir