Azərbaycanın təqdim etdiyi sülh sazişi layihəsi və onun imzalanması ilə Ermənistanla münasibətlərin normallaşması üçüncü tərəflərin vəziyyətdən istifadə etmək imkanlarını aradan qaldıracaq.
Bunu “Report”a açıqlamasında Gürcüstanın Strateji Planlaşdırma Mərkəzinin rəhbəri, politoloq Levan Mamaladze bildirib.
“Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla sülh prosesi üçün təklif etdiyi layihə Cənubi Qafqaz regionundan üçüncü dövlətlərin xeyrinə müxtəlif ssenarilərin həyata keçirilməsi məqsədilə istifadə edilməsinə son qoyacaq. Belə dövlətlər regiona təsir etmək üçün “münaqişə ocaqlar”ı yaratmağa çalışırlar”, - o vurğulayıb.
Onun sözlərinə görə, hazırda bir çox dövlətlər, xüsusən də Fransa sülh sazişinin imzalanmasının qarşısını almağa çalışır: “Prosesin ləngiməsi isə onu göstərir ki, Ermənistan tərəfi Fransaya və digər Qərb dövlətlərinə qulaq asır”.
L.Mamaladze xatırladıb ki, Gürcüstan iki ölkə arasında sülhün əldə olunmasında maraqlı olduğunu dəfələrlə bəyan edib: “Biz də dəfələrlə təklif etmişik və indi də təklif edirik ki, danışıqların aparılması, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün Gürcüstan platformasından istifadə edilsin”.
“Ermənistanın baş naziri Nikol Paşinyan anlayıb ki, Qarabağda separatçı rejimin mövcud olduğu illər Ermənistana heç bir fayda verməyib. Ümid edirəm ki, Ermənistan tərəfi hazırkı vəziyyəti təhlil edə biləcək və başa düşəcək ki, Azərbaycanla sülh sazişinin imzalanması yalnız Ermənistanın xeyrinə olacaq. Azərbaycan isə bununla uzunmüddətli qarşıdurmaya son qoyacaq”, - Strateji Planlaşdırma Mərkəzinin rəhbəri qeyd edib.
Politoloq söyləyib ki, Ermənistan sülh sazişi imzalanandan sonra regional layihələrə qoşula bilər:
“Bu gün Orta və Xəzər-Qara dəniz dəhlizləri Asiya ilə Avropa arasında kommunikasiyalar üçün getdikcə daha mühüm rol oynayır. Azərbaycan və Gürcüstan burada birləşdirici halqalardır. Ermənistan da onların bir hissəsi ola bilər”.
Bizim WhatsApp kanalımıza abunə olun