IMG-LOGO

Təmiz Enerji Mərkəzi həyata keçirəcəyi layihələri açıqlayıb

23 Jan 2026 16:42 3 baxış
IMG

Təmiz Enerji Mərkəzi bu il bir neçə istiqamət üzrə əsas layihələr həyata keçirməyi planlaşdırır.

Bunu "Report"a açıqlamasında Mərkəzin icraçı direktoru Aysel Yaqubova bildirib.

Onun sözlərinə görə, bunlardan biri Mərkəzin əhatə etdiyi ölkələrin (İqtisadi Əməkdaşlıq Təşkilatı regionu dövlətlərinin) enerji səmərəliliyi və bərpa olunan enerji sahəsində qanunvericiliklərinin toplusunun tərtibatıdır: "Toplunun fərqləndirici xüsusiyyəti ondan ibarət olacaq ki, burada yalnız ümumi qanunlar bir yerə toplanılmayacaq, eyni zamanda müvafiq auditoriyalar - məsələn, investorlar və beynəlxalq təşkilatlar üçün xüsusi xülasələr hazırlanacaq. Digər layihələrimiz isə həmin üzv dövlətlərin istəklərinə və ehtiyaclarına uyğun olaraq, onların bu sahədə ixtisaslaşan ekspertlərinin biliklərinin artırılması ilə əlaqədardır. Təmiz Enerji Mərkəzinin əsas tərəfdaşı UNIDO (BMT-nin Sənaye İnkişafı Təşkilatı) və onun Qlobal Təmiz Enerji Mərkəzləri Şəbəkəsidir (GN-SEC). Bundan başqa, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) da bizim əsas tərəfdaşımız olacaq. Biliklərin artırılması ilə yanaşı, regionda həyata keçiriləcək layihələrə donor təşkilatlar tapılması da bizim əsas fəaliyyət istiqamətlərimizdən biridir".

A.Yaqubova qeyd edib ki, Mərkəz hazırda IRENA (Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi), UNIDO və onun tərkibində olan GN-SEC şəbəkəsi, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarla əməkdaşlıq edir: "Bundan başqa, Mərkəz Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlıq əlaqələrinə malikdir".

Xəbər lenti