Xarici prodüserləri Azərbaycanda film istehsalına cəlb etmək üçün təşviqedici tədbirlər həyata keçiriləcək.
"Report" xəbər verir ki, bununla bağlı "Kinematoqrafiya haqqında" qanuna dəyişikliklər təklif olunub.
Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan dəyişikliyə əsasən, xarici prodüserləri Azərbaycan ərazisində film istehsalına cəlb etmək məqsədilə filmlərin istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək.
Təklif edilən dəyişikliyə əsasən, xarici və birgə istehsal filmlərinin istehsalı üçün çəkilmiş xərclərin qismən geri ödənilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və şərtlərlə həyata keçiriləcək.
Dəyişikliklər xarici prodüserlərin Azərbaycanda film istehsalına cəlb edilməsi dövlət siyasətinin ayrıca istiqaməti kimi təsbit olunur. Bu, ölkənin beynəlxalq kino bazarına inteqrasiyasına və mədəni diplomatiyanın inkişafına xidmət edir.
Diqqətə çatdırılıb ki, xarici və birgə istehsal filmləri üzrə çəkilmiş xərclərin qismən geri ödənilməsi mexanizmi bir çox ölkələrdə uğurla tətbiq olunan maliyyə təşviqi vasitəsi olmaqla, xarici investisiyaların cəlb edilməsinə, yerli xidmət sektorunun inkişafına və yeni iş yerlərinin yaradılmasına müsbət təsir göstərir.
Qeyd olunub ki, təklifin qəbulu nəticəsində ölkədə kinematoqrafiya sahəsində hüquqi tənzimləmə təkmilləşdiriləcək, beynəlxalq və birgə istehsal layihələrinin sayı artacaq, ölkənin kino sənayesinə xarici maliyyə və texnologiya axını sürətlənəcək, Azərbaycanın mədəni və yaradıcı potensialının beynəlxalq səviyyədə tanıdılması güclənəcək və dövlət və özəl sektor arasında əməkdaşlıq imkanları genişlənəcək.