Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) rektoru vəzifəsini icra edən Eldar Qocayev ilə Dünya Bankının (DB) Azərbaycan üzrə ölkə meneceri Stefani Stolmeystr arasında görüş keçirilib.
"Report" xəbər verir ki, görüş zamanı Eldar Qocayev akademiyanın fəaliyyəti, təhsil proqramları, beynəlxalq əlaqələri və inkişaf prioritetləri haqqında ətraflı məlumat verib. O, dənizçilik sahəsində kadr hazırlığının gücləndirilməsinin və beynəlxalq tərəfdaşlığın genişləndirilməsinin akademiya üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.
Tərəflər beynəlxalq akademik əməkdaşlığın dəstəklənməsi, o cümlədən ikili diplom proqramlarının yaradılması, elmi-tədqiqat fəaliyyətinin və birgə nəşrlərin təşviqi, müəllim və tələbə mübadilə proqramları, eləcə də akademik və inzibati heyət üçün ixtisasartırma və liderlik üzrə təlimlərin təşkili məsələlərini müzakirə ediblər.
Bununla yanaşı, texniki və rəqəmsal infrastrukturun gücləndirilməsi, müasir ixtisaslaşmış laboratoriyaların yaradılması və ya təkmilləşdirilməsi, süni intellekt əsaslı rəqəmsallaşma mərkəzinin formalaşdırılması istiqamətində mümkün əməkdaşlıq imkanları diqqət mərkəzində olub.
Görüş qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın gələcək perspektivlərinin müəyyənləşdirilməsi baxımından faydalı qiymətləndirilib.