Vatikanın Dövlət katibi (hökumət başçısı) kardinal Pietro Parolin Venesuelaya qarşı əməliyyatın həyata keçirilməsində tələsməməyi, respublikada vəziyyətin destabilləşməsinin və qan tökülməsinin qarşısını almaq üçün Vaşinqton administrasiyasından xahiş edib.
"Report" xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti yazıb.
Məlumata görə, kardinal dekabr ayının sonunda Vatikandakı ABŞ səfiri Brayan Berçdən Vaşinqtonun Venesuela ilə bağlı planları barədə soruşub və ABŞ-nin respublikada hakimiyyət dəyişikliyinə nail olmağa çalışıb-çalışmadığını öyrənməyə cəhd edib. Qeyd olunub ki, Parolin Venesuelada qan tökülməsinin və vəziyyətin destabilləşməsinin qarşısını almağı ümid edərək bir neçə gün ABŞ dövlət katibi Marko Rubio ilə əlaqə qurmağa çalışıb.
Bildirilib ki, kardinal ABŞ Prezidenti Donald Trampın administrasiyasından Venesuela lideri Nikolas Maduroya respublikanı tərk etməyə icazə verilməsini xahiş edib. Nəşrin məlumatına görə, Parolin Berçə bildirib ki, Maduro Rusiyaya sığına bilərdi.
Məqalədə, həmçinin bu məsləhətləşmələrlə bağlı "Müqəddəs Taxt"ın mətbuat xidmətinin şərhi də verilib: "Milad dövründə baş tutan söhbətin məzmununu dəqiq əks etdirməyən məxfi danışıqların fraqmentlərinin ifşa edilməsi məyusluq yaradır".
Yazıda iddia edilir ki, ABŞ Maduro ilə onun Venesuelanı tərk edib Türkiyəyə getməsi imkanını müzakirə edib.