"Azərbaycan dilinin təmizliyi: milli əmanətin qorunması uğrunda səfərbərlik" mövzusunda QHT-lərin və alimlərin iştirakı ilə ictimai müzakirə keçirilib.
"Report" xəbər verir ki, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin 2025-ci ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində, eləcə də bu günlərdə yerli televiziya kanallarına müsahibəsində dil barədə səsləndirdiyi fikirlər üzərindən çıxış edib.
Maarifçi Media Mərkəzinin sədri, telejurnalist Səadət Məmmədova qeyd edib ki, vətəndaş cəmiyyəti təmsilçiləri dil məsələsində fəallığını daha da artırmalıdır.
"Körpü" Türkman İrsi Mərkəzinin sədri Orxan İsayev dünyada 50 milyondan çox azərbaycanlının ana dili olan Azərbaycan dilinin qorunmasını milli məsələ adlandırıb.
Mirzə Ələkbər Sabir Fondunun sədri Sevda Tahirli müxtəlif vaxtlarda dövlət qeydiyyatından keçmiş QHT-lərin adlarında dilə xələl gətirən çoxsaylı nöqsanlara yol verildiyini diqqətə çatdırıb:
"Biz monitorinqlərdə Azərbaycanda çox qəribə QHT adlarına rast gəlmişik. Məsələn, "Azərdovşansaxlayan" Azərbaycan Dovşançılıq və Həvəskar Heyvandarlar Könüllü Cəmiyyəti. Bu, nə deməkdir?! Bəzi QHT-lərin adları vətəndaş cəmiyyəti sektorunda bu gün aparılan dərin islahatların məzmununa, dilin qorunması barədə qaldırdığımız məsələlərə uyğun gəlmir. Yaxşı olardı ki, hər bir QHT öz adına yenidən baxsın, zərurət varsa, müvafiq dəyişikliklərin edilməsi üçün aidiyyəti üzrə Ədliyyə Nazirliyinə müraciət etsin".
Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təmsilçisi Pərvinə Qədimova xaricdə yaşayan azərbaycanlılar üçün QHT-lərə Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə internet vasitəsilə ana dili kursları təşkil etdiklərini, Azərbaycan ədəbi dilinin öyrədilməsinə hələ də xaricdə böyük ehtiyac olduğunu deyib.
"Obyektiv Milli Dəyərlərin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri, tanınmış telejurnalist Mübariz Əsgərov efir məkanında dilin saflığından bəhs edərək bildirib ki, televiziya və radio kanalları, eləcə də rəqəmsal media platformaları Azərbaycan dilinin düzgün, səlis və norma daxilində istifadəsinin təmin olunmasında xüsusi məsuliyyət daşıyır. Bu səbəbdən media nümayəndələri dil mədəniyyətinin daşıyıcısı kimi çıxış etməli, aparıcıların, jurnalistlərin və proqram müəlliflərinin dil hazırlığına xüsusi diqqət yetirilməlidir.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli və digər dilçi-alimlər Azərbaycan dilinin tarixi, nəzəri tərəfləri, o cümlədən inkişaf təmayülləri barədə ətraflı məruzələr ediblər.










