IMG-LOGO

Azərbaycanın Qəzzada beynəlxalq sülhməramlı missiyada iştirak etməsi milli maraqlara uyğun deyil - RƏY

08 Jan 2026 14:21 37 baxış
IMG

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın Qəzza zolağına sülhməramlı göndərilməyəcəyi barədə fikirləri məsələni tamamilə sonlandırdı.

Bunu "Report"a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov deyib.

Onun sözlərinə görə, Azərbaycanın bu istiqamətdə heç bir açıqlaması olmadan Fələstin üçün beynəlxalq sülhməramlı missiyada iştirak edəcəyi barədə yayılmış fikir dezinformasiya xarakteri daşıyırdı:

"Biz bilirik ki, Azərbaycan dövlətinin daxili və xarici siyasətini müəyyən edən şəxs birbaşa ölkə başçısıdır. Onun fikirləri siyasətin əsas istiqamətlərini müəyyənləşdirir. Azərbaycan bu informasiya yayılanda məsələ ilə bağlı yekun qərar verməmişdi. Hesab edirəm ki, bu məsələ Azərbaycan-Fələstin, Azərbaycan-İsrail münasibətlərində gərginlik yaratmağa xidmət edən fikir kimi ortaya atılmışdı. Amma dövlət başçısının açıqlaması məsələyə tamamilə nöqtə qoydu və artıq rəsmi mövqeyin nədən ibarət olduğunu hər kəs gördü".

Siyasi şərhçi bildirib ki, Azərbaycan vaxtilə Fələstinlə bərabər eyni problemləri yaşayıb:

"Ancaq təəssüf ki, Fələstin Azərbaycana dəstək vermədi, əksinə, tarixə baxanda görürük ki, Fələstin daha çox Ermənistana dəstək olub, hətta Birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı amansız qətliamda iştirak etmiş ASALA terror təşkilatının 80-ci illərdə Fələstin Azadlıq Təşkilatının hərbi düşərgələrində yaradılması barədə tarixi qaynaqlarda məlumatlar var".

S.Hümbətov həmçinin vurğulayıb ki, Azərbaycan əsgərinin Qəzzaya göndərilməməsi milli maraqlardan qaynaqlanır:

"Azərbaycan əsgəri niyə gedib həmin gərginliyin içərisinə düşməlidir və həyatını riskə atmalıdır? Azərbaycan vətəndaşının həyatı önəmlidir. Azərbaycan əsgəri baş verəcək istənilən qarşıdurmada xəsarət ala bilər, ona görə də əsas olan Azərbaycan dövlətinin milli maraqlarıdır. Biz xarici siyasətimizə milli maraqlar prizmasından baxırıq. Bizim Qəzzada beynəlxalq sülhməramlı missiyada iştirak etməməyimiz Fələstinə aqressiyamızdan və ya İsraillə münasibətlərimizin yaxşı olmasından irəli gəlmir, sadəcə, milli maraqlara uyğun deyil".

Qeyd edək ki, yanvarın 5-də yerli telekanallara müsahibəsində Prezident İlham Əliyev bildirib ki, Azərbaycana Qəzzada əməliyyatlarda iştirakla bağlı müraciətlər daxil olub:

"Təbii, bununla bağlı qərar qəbul etməzdən əvvəl biz aydın şəkildə başa düşməliyik ki, əməliyyatların mandatı necə olacaq və hansı növ əməliyyatlar ola bilər".

Dövlət başçısı vurğulayıb ki, Qəzza sektorunda kimin mandat verəcəyi və onun necə olacağı indiyədək aydın deyil:

"Azərbaycanın hüdudlarından kənarda döyüşlərdə iştirak etmək mənim tərəfimdən, ümumiyyətlə, nəzərdə tutulmur. Azərbaycanın hər bir vətəndaşı bizim üçün qiymətlidir. Biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik".

Prezident bildirib ki, Azərbaycan 20 sualdan ibarət müraciət tərtib edib və onu Amerika tərəfinə çatdırıb:

"Bu məsələlərə aydınlıq gətirilməyincə, Azərbaycanın hər hansı missiyada heç bir iştirakı nəzərdə tutulmur".

Xəbər lenti