Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "TotalEnergies" şirkəti arasında "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi istiqamətində atılan addımlar müzakirə edilib.
Bu barədə "Report"a SOCAR-dan məlumat verilib.
Bildirilib ki, bu müzakirə SOCAR-ın prezidenti Rövşən Nəcəfin "TotalEnergies" şirkətinin baş vitse-prezidenti Martina Oppizi ilə görüşündə aparılıb.
Görüşdə iki şirkətin birgə iştirakı ilə reallaşdırılan layihələrin icra vəziyyəti müzakirə olunub. O cümlədən tərəflər enerji sahəsində qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, "Abşeron" yatağı Azərbaycan geoloqları tərəfindən ötən əsrin 60-cı illərində kəşf edilib. Yataqda qaz həcminin 350 milyard kubmetr olduğu bildirilir.
"Abşeron" yatağı üzrə 2009-cu ildə Fransanın "Total" şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında kontrakt imzalanıb. 2023-cü ilin avqustun 4-də isə Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) ilə "Abşeron" qaz-kondensat yatağında 30 %-lik iştirak payının alınmasına dair saziş imzalanıb. Sazişə əsasən, SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları müvafiq olaraq 35 % təşkil edir.

