IMG-LOGO

Azərbaycan Qəzzada sülhməramlılıqla bağlı praqmatik mövqe ortaya qoyub - RƏY

07 Jan 2026 17:12 3 baxış
IMG

Azərbaycan Qəzza məsələsində sülhün təmin olunmasına dəstək göstərməyə hazır olsa da, mandatının spesifik detalları məlum olmayan sülhməramlı əməliyyatda iştirak etmək həm digər regional aktorlarla toqquşmaya səbəb ola bilər, həm də Azərbaycan əsgərinin təhlükəsizliyini ciddi risk altına salar.

Bunu "Report"a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Sultan Zahidov deyib.

Siyasi şərhçi qeyd edib ki, Prezident İlham Əliyevin müsahibəsində aydınlıq gətirdiyi məsələlərdən biri də Qəzzaya göndərilə biləcək beynəlxalq sülhməramlı missiyanın tərkibində Azərbaycan hərbçilərinin yer almayacağı ilə bağlı idi.

"Prezident aşkar şəkildə bildirdi ki, Azərbaycan Qəzzadakı sülh missiyasında iştirak etməyəcək, bunun səbəbini də açıqladı. Hər şeydən əvvəl Azərbaycan ölkə hüdudlarından kənarda hərbçilərinin sağlamlığını risk altında qoymaq istəmir. Bu kifayət qədər əhəmiyyəti faktordur. Bəzən arqument gətirirlər ki, Fələstin Azərbaycana dəstək olub və s. Ancaq dövlət başçısının da qeyd etdiyi kimi, bizim torpaqlarımız işğal altında olanda Fələstin tərəfindən Azərbaycana ciddi bir dəstək göstərilmədi. Beynəlxalq təşkilatlar çərçivəsində mövqeyimiz dəstəkləndi, ancaq biz də daim beynəlxalq platformalarda – İslam Əməkdaşlı Təşkilatı (İƏT), BMT, Qoşulmama Hərəkatı çərçivəsində Qəzza məsəələsinin ikidövlətli həll yolu ilə nizamlanmasını dəstəkləmişik".

Ekspert onu da diqqətə çatdırıb ki, Azərbaycan Fələstinə daim humanitar yardım göstərən dövlətlər siyahısındadır və bu gün də həmin dəstək davam edir:

"Prezidentin də söylədiyi kimi, Azərbaycanda ölkəmizin maliyyə dəstəyi ilə Fələstin səfirliyi fəaliyyət göstərir. Bu özü də Azərbaycanın Fələstinə diqqətinin, qayğısının göstəricisidir. Bundan başqa, Azərbaycanın sülhməramlı missiya göndərməməsinin bir digər səbəbi BMT Təhlükəsizlik Şurasının həmin missiyaya mandat verən 2803 saylı qətnaməsində mandatın detallarının qeyri-müəyyən olmasıdır. Yəni misisyada hansı ölkələrin iştirak edəcəyi və hansı ərazilərdə xidmət göstəriləcəyi məlum deyil".

S.Zahidov vurğulayıb ki, bu gün Qəzzada tam şəkildə atəşkəs təmin olunmur, orada vaxtaşırı eskalasiya baş verir və belə olan halda, Azərbaycan əsgərinin sülhməramlı kimi ərazidə iştirak etməsi məqbul hesab olunmur:

"Eyni zamanda, bu, Azərbaycanın regiondakı tərəflərlə münasibətinə mənfi təsir göstərə bilər. Ona görə də Azərbaycan praqmatik mövqe ortaya qoyaraq bu məsələdə iştirak etməyəcəyini bildirdi. Azərbaycanın xarici siyasəti ilk növbədə milli maraqlarına və vətəndaşlarının təhlükəsizliyinin təmininə yönəlib".

Azərbaycanın sülhməramlı missiyada iştirakı barədə dezinformasiya kampaniyasına gəldikdə müsahib bildirib ki, Azərbaycanın neytral statusuna xələl gətirmək istəyən üçüncü tərəflər var:

"Ölkəmizin Yaxın Şərq proseslərində aktiv iştirakı ilk növbədə ölkəmizin regionun bütün ölkələri ilə normal münasibətlərə sahib olmasından və multikultural kimliyindən irəli gəlir. Görünən odur ki, Azərbaycanın artan imicini bəzi aktorlar qəbul edə bilmir və buna görə də qarayaxma kampaniyası həyata keçirirlər".

Qeyd edək ki, yanvarın 5-də yerli telekanallara müsahibəsində Prezident İlham Əliyev bildirib ki, Azərbaycana Qəzzada əməliyyatlarda iştirakla bağlı müraciətlər daxil olub:

"Təbii, bununla bağlı qərar qəbul etməzdən əvvəl biz aydın şəkildə başa düşməliyik ki, əməliyyatların mandatı necə olacaq və hansı növ əməliyyatlar ola bilər".

Ddövlət başçısı vurğulayıb ki, Qəzza sektorunda kimin mandat verəcəyi və onun necə olacağı indiyədək aydın deyil:

"Azərbaycanın hüdudlarından kənarda döyüşlərdə iştirak etmək mənim tərəfimdən, ümumiyyətlə, nəzərdə tutulmur. Azərbaycanın hər bir vətəndaşı bizim üçün qiymətlidir. Biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik".

Prezident bildirib ki, Azərbaycan 20 sualdan ibarət müraciət tərtib edib və onu Amerika tərəfinə çatdırıb:

"Bu məsələlərə aydınlıq gətirilməyincə, Azərbaycanın hər hansı missiyada heç bir iştirakı nəzərdə tutulmur".

Xəbər lenti