Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə beynəlxalq media və ekspert-analitik dairələrinin diqqət mərkəzində qalmağa davam edir.
Xarici KİV-lərin nəşrləri və reportajlarına əsasən, onlar xüsusilə Prezident İlham Əliyevin Qəzza zolağında sülhməramlı missiyada Azərbaycanın mümkün iştirakı ilə bağlı mövqeyi, 2026-cı ildə daha iki Avropa ölkəsinə qaz tədarükünə başlamaq barədə planları və digər bir sıra mühüm mövzular, eləcə də Bakı və Pekin arasında dinamik inkişaf edən və ardıcıl şəkildə güclənən münasibətlər haqqında bəyanatlarına diqqət yetiriblər.
Onun beynəlxalq münasibətlərin mövcud vəziyyətinə dair qiymətləndirməsi də eyni dərəcədə fəal şəkildə sitat gətirilir ki, bu çərçivədə Prezident beynəlxalq hüququn faktiki olaraq öz təsirini itirdiyini qeyd edib.
Azərbaycanın Qəzza zolağında mümkün missiyalarda iştirak etmək niyyətində olmadığı barədə bəyanatları ABŞ, Pakistan, Banqladeş və Qazaxıstanın KİV-ləri geniş işıqlandırıb.
ABŞ media məkanında bu mövqeni KFGO radio stansiyası, "Salem Radio Network" radio şəbəkəsi, həmçinin "NewsBreak.com" lokal xəbərlər platforması işıqlandırıb.
Pakistanda Azərbaycan liderinin bu bəyanatına "Pakistan Today", "The Diplomatic Insight", "The Truth International", "News Guru", "PakTribune" nəşrləri, həmçinin "Sunonews.tv" telekanalı diqqət yetirib.
Banqladeşdə bu mövzunu "Dhaka Mail" nəşri, Qazaxıstanda isə "Ulysmedia.kz" və "SMI24" işıqlandırıb.
İran media məkanında Prezidentin "bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur" bəyanatı nəzərəçarpan rezonans doğrub. İlham Əliyevin bu tezisindən "Tasnim" və "Fars News Agency" agentlikləri, "Dolatebahar" nəşri, həmçinin "Vista.ir" portalı öz materiallarında fəal şəkildə istifadə ediblər.
Öz növbəsində, Özbəkistan nəşri "Qalampir.uz" Azərbaycan liderinin ABŞ ilə münasibətlərə dair bəyanatına xüsusi diqqət yetirib: "Tramp administrasiyasının hakimiyyətə gəlişi ilə vəziyyət tamamilə dəyişdi. Məhz bu dövrdə regionda (Cənubi Qafqaz - red.) yeni siyasi reallıqlar formalaşdı".
Avropanın "EU Reporter" nəşrinin məqaləsində Azərbaycan liderinin beynəlxalq nəqliyyat marşrutlarının, xüsusilə Zəngəzur dəhlizinin əhəmiyyəti, həmçinin türk dünyasının inteqrasiyası və inkişafı proseslərinə dair baxışları təqdim edilib.
Çin KİV-ləri də Azərbaycan dövlət başçısının müsahibəsini fəal şəkildə işıqlandırıb. Onlar Bakı və Pekin arasında dinamik inkişaf edən və ardıcıl şəkildə möhkəmlənən münasibətlərə diqqət yetiriblər. Bunlar arasında Çin Xalq Respublikasının dövlət xəbər agentliyi - Sinxua ("Xinhua") var.
Agentlik Azərbaycan liderinin Çinlə bağlı səsləndirdiyi fikirləri sitat gətirib. Prezident müsahibəsində bildirib ki, Çin şirkətləri Azərbaycanda bərpaolunan enerji mənbələrinə investisiyalar qoyur. Eyni zamanda, elektrik, günəş, külək stansiyalarının tikintisinə başlanılır və bu stansiyaların sayının artırılması üzrə müraciətlər var. Qeyd edək ki, Çin internet saytları Sinxua agentliyinin xəbərlərini fəal şəkildə yenidən dərc ediblər.



