IMG-LOGO

Aydın baxış və strateji yanaşma - Prezidentdən ustad dərsi - ŞƏRH

07 Jan 2026 17:00 6 baxış
IMG

Prezident İlham Əliyev ənənəyə sadiq qalaraq hər ilin əvvəlində olduğu kimi, bu il də yerli televiziya kanallarına müsahibə verdi. Dövlət başçısı daxili və xarici siyasətdəki ən son yeniliklər, ötən bir ildə ölkənin beynəlxalq əlaqələr sistemindəki yeri və rolu ilə bağlı geniş məlumatlar verdi, cəmiyyəti maraqlandıran sualları cavablandırdı.

Doğrudur, Azərbaycan Prezidenti il ərzində ən müxtəlif tədbirlərdə, özünün çıxış və müsahibələrində yürütdüyü siyasət barədə ictimaiyyətə mütəmadi məlumat verir. Televiziya kanallarına müsahibə isə həm dövlət başçısının öz xalqına illik hesabatı, həm ölkənin gələcəyi barədə məlumatlandırma, həm də xarici siyasət prioritetləri barədə beynəlxalq aləmə ismarışların verilməsi baxımından effektiv və əhəmiyyətli bir formatdır.

"Bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. Hər ilin əvvəlində görüşərək Azərbaycan ictimaiyyətinə sizin vasitənizlə ilin yekunları ilə bağlı həm məlumat verilir, həm də ki, öz fikirlərimi bir də bölüşmək üçün imkan yaranır", - Prezident müsahibənin əvvəlində bəyan edib.

Əvvəlki illərdə olduğu kimi bu görüş də dövlət başçısının əhatəli və dolğun cavabları ilə yadda qalıb. Bütün mövzulara ən xırda detallarına qədər hakim olan Prezident İlham Əliyev suallara açıq və səmimi bir müsahib kimi cəmiyyəti maraqlandıran bir çox məsələlərlə tam aydınlıq gətirib. Bu cavablardan doğan aydın mənzərə nə daxili, nə də xarici siyasətlə bağlı heç bir qeyri-müəyyənliyə yer qoymur. Cəmiyyət nəyin nə üçün edildiyini və gələcəkdə nələrin ediləcəyini öyrənir, xarici tərəfdaşlar və hətta ölkəyə qarşı qərəzli mövqedə olan xarici qüvvələr belə lazımi mesajları alırlar. Bu baxımdan İlham Əliyevin açıqlamalarının nüfuzlu xarici mediada böyük maraq doğurması da təsadüfi deyil. ABŞ, Türkiyə, Rusiya, İsrail, Gürcüstan, İran, İspaniya, ərəb ölkələrinin mətbuatı və digəri Azərbaycan Prezidentinin açıqlamalarını geniş tirajlamaqla bunu bir daha təsdiqləmiş oldular.

Prezident hər dəfə ölkənin gələcəyi ilə bağlı aydın baxışa və strateji yanaşmaya malik olduğunu bir daha ortaya qoyur, siyasi məsələlərlə yanaşı, iqtisadi və sosial sahələri əhatə edən suallara ətraflı cavab verilməklə yanaşı, obyektiv, düzgün təhlil edir, gələcək prioritetləri açıq göstərir.

Dövlət başçısının müsahibələri onun beynəlxalq münasibətlərlə bağlı da eyni dərəcədə məlumatlı olduğunu, dünyada gedən bütün proseslərin tarixi köklərini və bugünkü gedişatını dərindən bildiyini, tərəfdaş ölkələrlə bağlı ətraflı analitik məlumatlara malik olduğunu göstərir. Məsələn, Prezidentin Qəzza bölgəsində baş verənlər barədə dedikləri, xarici tərəfdaşlarla xüsusilə, ABŞ və Çinlə əməkdaşlığa dair verdiyi məlumatlar xarici medianın da diqqətindən yayınmayıb.

Diqqət çəkən digər vacib məqam isə Prezident İlham Əliyevin iqtisadi məsələlərlə yanaşı, ölkədaxili sosial problemlərə də yaxından bələd olmasıdır. Bu da ölkə Prezidentinin əhalini narahat edən ən xırda məsələlərdən xəbərdar olduğunu göstərir - içməli su və kanalizasiya sisteminin idarə olunmasından tutmuş, yol-nəqliyyat infrastrukturunun şaxələndirilməsi məsələlərinə qədər.

Azərbaycan İlham Əliyevin Prezidentliyi illərində sosial dövlətə çevrildiyi günümüzün reallığıdır. Son 20 ildə ölkədə minimum əməkhaqqı 40 dəfədən çox artıb. "Biz bir neçə ciddi sosial islahat paketi icra etmişik, daha doğrusu, son yeddi il ərzində 5 sosial islahat paketi icra edilmişdir. Bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir. Təkcə keçən il 1,4 milyard büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Yəni maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir"-deyə Prezident bütün rəqəmləri dəqiqliklə ifadə edir və bununla əhalinin rifah halının onun diqqət mərkəzində olduğunu vurğulayır.

Müsahibədə diqqət çəkən məqam yerlərdə məmurların öz məsuliyyətlərini dərk etmələri, verilən tapşırıq və göstərişlərə necə əməl etmələri ilə bağlı idi. "Yenə də qayıdıram ictimai nəzarətə, çünki mənim qərarlarımın bir çoxu məhz ictimai nəzarət nəticəsində verilibdir. Bunu indi ictimaiyyət bilmir, amma yerlərdən gələn siqnallar yoxlanılır və qeyd etdiyim bu uğursuz təyinatlarla bağlı siqnallar yerlərdən gəlir. Əgər yerlərdən siqnal gəlməsə, onda mən haradan biləcəyəm? Onlar bir neçə dəfə yoxlanılır və bir neçə qurum tərəfindən, bir qurum yox, bir neçə qurum ki, burada şəxsi-qərəz olmasın. Ondan sonra bu, öz təsdiqini tapanda artıq qərar qəbul edilir və bütün məmurlar onu bilməlidirlər" -deyən İlham Əliyev, vətəndaş məmnunluğunun onun üçün prioritet olduğunu bir daha təsdiqləyib.

Beləliklə, Azərbayan Prezidenti növbəti dəfə həm ictimaiyyətə hesabat verməklə yanaşı, həm dövlətin gələcək planlarını açıqlayıb, həm də rəsmi Bakının aktual beynəlxalq məsələlərə yanaşmasına aydınlıq gətirib. Ölkə başçısının jurnalistlərin suallarına verdiyi əhatəli cavabları eyni zamanda ölkə vətəndaşları və xarici tərəfdaşlar üçün yol xəritəsi kimi də qiymətləndirmək mümkündür.

Xəbər lenti