Tələbələrin xaricə göndərilməsi, qayıtdıqdan sonra işlə təmin olunmaları, ölkədə "Yüksəliş" müsabiqələrinin həyata keçirilməsi, alimlərin elmi biliklərinin formalaşdırılması və təhsil sahəsindəki islahatlar ciddi nəticələr yaradacaq.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev yerli mediaya müsahibəsində xüsusi önəm və əhəmiyyət daşıyan vacib məsələlərə geniş şəkildə toxunub:
"Burada ən önəmli məsələlərdən biri də təhsil sahəsində islahatlardır. Bir müddətdir Azərbaycanda təhsil sahəsində islahatlar həyata keçirilir. Prezident, xüsusilə elm və təhsilin bir yerdə olmasının vacibliyinə toxundu. Burada bir neçə mühüm məqam var. Elmi-tədqiqat institutlarının bir-biri ilə birləşdirilməsi məsələsi islahatların tərkib hissəsidir. Yəni institutlar birləşdirilərək onların fəaliyyəti yenidən qurulur ki, bu da ümumi fəaliyyətin güclənməsinə təsir göstərir".
Deputat qeyd edib ki, son vaxtlar həyata keçirilən kadr islahatları nəticəsində gənclərin yüksək vəzifələrə təyin edildiyi müşahidə olunur. Bu isə ölkədə istedadlı şəxslərin üzə çıxarılmasına, Azərbaycanın intellektual potensialının yüksəlməsinə öz töhfəsini verir.
"Azərbaycanlı gənclərin xaricdə təhsil alması, onların ölkəmizə qayıtması və işlə təmin olunması praktik istiqamətlərdən biridir. Bu gənclər xaricdə təhsil aldıqdan sonra ölkəmizə dönür və müxtəlif dövlət qurumlarında fəaliyyət göstərirlər. Yəni beynəlxalq təcrübəni mənimsəyərək Azərbaycanın inkişafına öz töhfələrini verirlər. Hesab edirəm ki, bu mənada xaricdə oxuyan şəxslərin işlə təmin olunması, onların təhsilinin maliyyələşdirilməsi, müəllimlərin və alimlərin maaşlarının artırılması olduqca önəmli məsələdir. Bu gün Azərbaycanın müxtəlif universitetlərində, o cümlədən Qarabağ nümunəsində, gənclərin fəaliyyəti ölkədə təhsilin və elmin inkişafına real təsir göstərir", - deyə o əlavə edib.
Prezident İlham Əliyev yanvarın 5-də yerli telekanallara müsahibəsində qeyd edib ki, cəmiyyət savadlı və bilikli olduğu halda uzunmüddətli inkişafa nail olmaq olar.
"Yox, olmazsa, neftimiz, qazımız qurtarandan sonra biz çox ağır vəziyyətə düşə bilərik. Amma indi biz xalqımızın, dövlətimizin gələcəyini onilliklər, yüzilliklər bundan sonra görməyə çalışmalıyıq. Ona görə bu, həddindən artıq vacib sahədir və ümid edirəm ki, aparılan islahatlar yaxşı nəticələrə gətirib çıxaracaq".
Dövlət başçısı bəyan edib ki, ölkədə çoxlu istedadlı gənclər var.
"İndi həm xaricdə, həm də Azərbaycanda təhsil almış çoxlu gənc mütəxəssisimiz var. Müxtəlif dövlət proqramları tətbiq olunur. Onlardan biri də bu "Yüksəliş" proqramıdır. Bu da gəncləri daha çox həvəsləndirmək, təşviq etmək, sonra isə dövlət strukturlarına, özəl strukturlara cəlb etmək üçün çox vacibdir. Vaxtilə mənim göstərişimlə xaricdə təhsil alanlar artıq çoxdan qayıdıblar. Çoxları qayıdıb burada çalışır və görürük ki, məsələn, rəhbər vəzifəsinə müasir, bilikli kadr gələndən sonra vəziyyət tamamilə dəyişir.
Mən 22 ildir bu kürsüdəyəm. Bütün bu hadisələr mənim gözümün qabağında baş verir və həm yaxşı, həm də pis təcrübə, hamısı məndədir. Mən onun hamısını yaşamışam və bu da mənə bu gün bu sözləri deməyə imkan verir. Kadr islahatı, elm-təhsil, cəmiyyətin ümumi intellektual səviyyəsi - çünki bunlar olmasa, onda nadir hallarda hansısa istedadlı şəxs meydana gələ bilər. Cəmiyyətin ümumi intellektual səviyyəsi, bilik səviyyəsi yüksək olanda, orada, necə deyərlər, pleyadalar, belə istedadlı şəxsiyyətlər yaranır".

