Ukraynalıların 59 %-i hesab edir ki, ölkədə seçkilər yalnız yekun sülh sazişi imzalandıqdan və müharibə tam başa çatdıqdan sonra mümkündür.
"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə 26 noyabr - 29 dekabr 2025-ci il tarixlərində sosial sorğu keçirmiş Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun məlumatında deyilir.
Ukraynalıların cəmi 10 %-i seçkilərin hərbi əməliyyatlar başa çatmadan keçirilməsində israr edir.
"Ukrayna Prezidenti Volodimir Zelenskiyə etimad edənlərin böyük əksəriyyəti seçkilərin yalnız yekun sülh sazişi imzalandıqdan sonra keçirilməsinin tərəfdarıdır (yalnız 3-4 % hesab edir ki, seçkilər məhz indi, hətta hərbi əməliyyatlar başa çatmadan keçirilməlidir). Prezidentə etimad göstərməyənlərin fikirləri isə fərqlidir. Prezidentə "daha çox" etimad etməyənlər (61 %) seçki məsələsini yekun sülh sazişinin əldə edilməsindən sonraya təxirə salırlar və yalnız 10 % seçkilərin hərbi əməliyyatların başa çatmasına qədər keçirilməsini istəyir (daha 22 % isə seçkilərin təhlükəsizlik zəmanətli atəşkəsdən sonra keçirilməsini məqsədəuyğun hesab edir)", - məlumatda deyilir.
Sorğunun nəticələrinə görə, Zelenskiyə "heç" etibar etməyənlərin 28 %-i seçkilərin hətta müharibə başa çatmadan tezliklə, 34 %-i isə təhlükəsizlik zəmanətli atəşkəsdən sonra keçirilməsində israr edir (34 % seçkilərin yekun sülh sazişi əldə edildikdən sonra keçirilməsinin tərəfdarıdır).