İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani beynəlxalq təşkilatın baş katibi Antonio Quterreş və Təhlükəsizlik Şurasının sədri Əbukar Dahir Osmana məktub göndərərək ABŞ Prezidenti Donald Trampın açıqlamalarını İslam Respublikası daxilində zorakılığa təhriklə müqayisə edib.
"Report"un məlumatına görə, bu barədə İranın İRNA agentliyi xəbər yayıb.
Məktubda Trampın İranı birbaşa güc tətbiqi və müdaxilə ilə hədələdiyi və "biz tam hazır vəziyyətdəyik və hərəkətə keçməyə hazırıq" ifadəsi ilə qeyd edildiyi vurğulanır. İravani vurğulayıb ki, belə bəyanatlar Tehran üçün ciddi narahatlıq doğurur, xüsusən ABŞ Prezidentinin İranın nüvə proqramının bərpası ilə bağlı mümkün təhdidləri fonunda.
Diplomat bildirib ki, "xarici təzyiq və ya hərbi müdaxilə üçün bəhanə kimi daxili iğtişaşları təhrik, təşviq etmək və ya qanuniləşdirmək" üçün edilən hər hansı cəhd İranın suverenliyini və ərazi bütövlüyünü, eləcə də beynəlxalq hüququ və BMT nizamnaməsini pozur. O, beynəlxalq ictimaiyyəti ABŞ Prezidentinin İranla bağlı ehtiyatsız və təxribatçı açıqlamalarını pisləməyə çağırıb.