Yola saldığımız 2025-ci il Azərbaycan idmanı üçün əlamətdar uğurlar, tarixi nəticələr və yeni rekordlarla yadda qaldı. Geridə qalan 12 ay təkcə medal sayı ilə deyil, eyni zamanda idmançılarımızın iradəsi, mübarizliyi və beynəlxalq arenalarda formalaşan qalib ölkə imici ilə tarixə yazıldı.
Rekord nəticə
İl ərzində Azərbaycan idmançıları dünya və qitə çempionatlarında, Qran-pri və digər nüfuzlu beynəlxalq yarışlarda ümumilikdə 2113 medal qazandılar ki, bu da rekord nəticə olaraq tarixə düşdü. Bu medalların 613-ü qızıl, 616-sı gümüş, 884-ü isə bürünc əyarlı oldu. Rəqəmlərin dili ilə desək, bu nəticə hər gün orta hesabla 5-dən çox medal deməkdir. Qazanılan mükafatların 1443-ü olimpiya, 589-u qeyri-olimpiya, 81-i isə paralimpiya, deflimpiya və xüsusi olimpiya idman növlərinin payına düşüb. Ümumiyyətlə, əksər idman növlərində medal sayında rekord qeydə alınıb. Bu isə Azərbaycan idmanının yalnız bir neçə sahədə deyil, bütün istiqamətlər üzrə sistemli şəkildə inkişaf etdiyinin göstəricisidir. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə ümumilikdə 1718 medal qazanılmışdı. Əlbəttə, bir il ərzində ciddi artım təsadüfi deyil. Əksinə, uzunmüddətli strategiyanın nəticəsidir.
Azərbaycan – beynəlxalq idman yarışlarının etibarlı ünvanı
2025-ci il Azərbaycan üçün yalnız idmançıların uğurları ilə deyil, eyni zamanda beynəlxalq idman mərkəzi statusunun möhkəmləndirilməsi baxımından da yadda qaldı. Ölkəmiz artıq uzun illərdir ki, nüfuzlu yarışların keçirilməsi üçün etibarlı ünvan kimi qəbul olunur və bu status il ərzində bir daha təsdiqləndi.
Milli Gimnastika Arenasında kişi və qadın gimnastlar arasında təşkil olunan dünya kubokları, Bakı İdman Sarayında keçirilən badminton üzrə qarışıq komandalar arasında Avropa çempionatı, eləcə də cüdo üzrə "Böyük Dəbilqə" turniri yüksək səviyyədə təşkil olundu. Xüsusilə idmançıların rahatlığı, azarkeşlərin təhlükəsizliyi və texniki təminat sahəsində göstərilən peşəkarlıq beynəlxalq federasiyalar tərəfindən də yüksək qiymətləndirildi.
Regionların ölkənin idman xəritəsində daha fəal rol oynaması baxımından Gəncədə ilk dəfə təşkil olunan aerobika gimnastikası üzrə Avropa çempionatı xüsusi vurğulanmalıdır. Bu yarış Gəncənin beynəlxalq idman tədbirləri üçün tam hazır olduğunu sübut etdi.
"Formula 1"dən UFC-yə - Bakı yenə dünyanın diqqət mərkəzində
Bakı 2025-ci ildə də idman təqviminin ən parlaq ünvanlarından biri oldu. 2016-cı ildən etibarən (2020-ci il istisna olmaqla) ardıcıl şəkildə keçirilən "Formula 1" üzrə dünya çempionatı bu dəfə də təşkilatçılıq baxımından nümunə göstərildi. Küçə trasında baş tutan yarış həm idman, həm də turizm baxımından ölkəyə böyük dividend qazandırdı.
İlin daha bir tarixi idman hadisəsi isə UFC turnirinin ilk dəfə Bakıda təşkili oldu. Bakı Kristal Zalında keçirilən döyüş gecəsi təkcə idmansevərləri deyil, dünyanın aparıcı MMA dairələrini də Azərbaycana yönəltdi. Turnirin yaratdığı həyəcan uzun müddət azarkeşlərin yaddaşından silinməyəcək.
Minifutbol üzrə dünya çempionatının Bakıda keçirilməsi isə ilin idman təqviminə xüsusi rəng qatdı. On gün davam edən mundial bir daha sübut etdi ki, Azərbaycan həm kütləvi, həm də spesifik idman növlərində yüksək səviyyəli təşkilatçılıq imkanlarına malikdir.
Bütün bunların kulminasiya nöqtəsi isə "Dünya İdman Paytaxtı" titulunun rəsmən Monakodan Bakıya təhvil verilməsi oldu. Bunu Azərbaycanın təkcə regional deyil, artıq qlobal idman mərkəzi kimi qəbul edildiyinin göstəricisi kimi qəbul etmək lazımdır.
III MDB Oyunları: möhtəşəm ev sahibliyi və medal bolluğu
Qeyri-olimpiya ilində ölkəmizin ev sahibliyi etdiyi III MDB Oyunları 2025-ci ilin ən möhtəşəm multiidman tədbirlərindən biri oldu. Gəncə stadionunda keçirilən açılış və bağlanış mərasimləri həm estetik, həm də emosional baxımdan yüksək səviyyəsi ilə yadda qaldı. Yarışların Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndini əhatə etməsi Azərbaycanın idman coğrafiyasının nə qədər geniş olduğunu nümayiş etdirdi. Azərbaycan idmançıları bu yarışda 184 medal qazanaraq (33 qızıl, 56 gümüş, 95 bürünc) ümumi sıralamada ikinci yeri tutdu. Bu nəticə həmçinin ölkə idmanının böyük potensiala malik olduğunu, istedadlı yeniyetmə və gənclərin yetişdiyini göstərdi.
İslam Həmrəyliyi Oyunları və 3x3 basketbolda tarixi davamlılıq
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları Azərbaycan idmançılarının növbəti güc nümayişinə çevrildi. Yığmamız yarışı 59 medalla başa vuraraq İslam dünyasında da aparıcı idman ölkələrindən biri olduğunu təsdiqlədi. Xüsusilə qadınlardan ibarət 3x3 basketbol millimizin ardıcıl üçüncü dəfə çempion olması Azərbaycan basketbol tarixində unikal səhifə açdı.
"Sabah"dan Avropa səhnəsində ilk
2025-ci il klub basketbolu üçün də dönüş nöqtəsi oldu. "Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə iştirak etməklə kifayətlənmədi, eyni zamanda Avropa arenasında qalib gəlməyi bacardı. "Nimburk" üzərində qazanılan qələbə klubun tarixinə yeni mərhələnin başlanğıcı kimi düşdü.
Minifutbolda dünya çempionluğu
Minifutbol üzrə Azərbaycan millisinin dünya çempionluğu 2025-ci ilin ən emosional anlarından biri oldu. Ev sahibi kimi qatıldığı mundialda yığmamız yalnız qələbələri sıralamadı, həm də xarakter, birlik və mübarizlik nümayiş etdirdi. Bu titul Azərbaycanın digər komanda idman növləri üçün bir növ stimul rolunu oynadı.
"Qarabağ" Avropada yeni səhifə açdı
Qarabağ" klubu 2025-ci ildə də Azərbaycan futbolunun bayraqdarı oldu. Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanaraq 8 illik həsrətə son qoydu. Komanda səfərdə "Benfika"nı hesabda 0:2 geri düşəndən sonra 3:2, Bakıda isə "Kopenhagen"i 2:0 hesabı ilə məğlub etdi. Ardınca "Çelsi" ilə 2:2-lik heç-heçə "köhlən atlar"ın Avropadakı nüfuzunu daha da artırdı. Yanvarın 21-də "Ayntraxt" üzərində qazanılacaq mümkün qələbə böyük ehtimalla pley-off qapısını da açacaq.
Millidə 18 ildən sonra yerli baş məşqçi
Azərbaycanın əsas futbol millisi DÇ-2026-nın seçmə mərhələsində arzuolunan nəticələr əldə etməsə də, 2025-ci il bu komanda üçün strateji və tarixi qərarla yadda qaldı. Seçmə mərhələyə uğursuz startdan sonra portuqaliyalı mütəxəssis Fernandu Santuşla əməkdaşlığa son qoyuldu və 18 ildən sonra milli komandada yerli baş məşqçi təyinatı həyata keçirildi. Azərbaycan futbol ictimaiyyəti üçün əlamətdar hadisə sayılan bu qərarla Ayxan Abbasov baş məşqçisi postuna gətirildi. Yeni baş məşqçi ilə birlikdə milli komandada gəncləşdirmə, daxili çempionatda çıxış edən futbolçulara daha çox şans verilməsi və uzunmüddətli inkişaf konsepsiyasının formalaşdırılması əsas prioritetlər kimi müəyyənləşdirildi. Bu təyinatı daha çox Azərbaycan futbolunun və millisinin gələcəyinə hesablanmış addım kimi də qiymətləndirmək olar. Ayxan Abbasovun təyinatı həqiqətən yeni dövrün başlanğıcı kimi dəyərləndirilir və futbol ictimaiyyətində ümidləri artırır.
Fərdi idman növlərində qızıl il
Güləş, cüdo, karate, boks, taekvondo və ağırlıqqaldırma üzrə əldə edilən uğurlar Azərbaycan idmanının genetik gücünü bir daha üzə çıxardı. Gənc və təcrübəli idmançıların vəhdəti nəticələrin davamlı olacağını göstərdi. 2025-ci il fərdi idman növlərində çıxış edən Azərbaycan idmançıları üçün beynəlxalq arenalarda qazanılan nəticələrin davamlılığı və keyfiyyəti ilə xarakterizə olundu. İl ərzində keçirilən dünya və Avropa çempionatları, eləcə də çoxsaylı nüfuzlu turnirlərdə Azərbaycan təmsilçiləri müxtəlif çəki dərəcələrində medal qazanmaqla ölkənin idman potensialını nümayiş etdirdilər.
Qadın güləşində Ruzanna Məmmədova (62 kq) U-20 Avropa çempionatında qızıl, U-20 dünya çempionatında və VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanaraq sabit nəticələri ilə seçildi. Jalə Əliyeva (57 kq) isə Avropa çempionatında bürünc, VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal əldə etməklə il ərzində uğurlu çıxışını davam etdirdi. Yunan-Roma güləşində Həsrət Cəfərov (67 kq) Avropa çempionu olmaqla yanaşı, dünya çempionatında və VI İslam Həmrəyliyi Oyunlarında gümüş medala sahib çıxdı. Ülvi Qənizadə (72 kq) isə dünya çempionu və Avropa üçüncüsü olaraq fərqləndi.
Əldə etdikləri nəticələrin məntiqi yekunu olaraq Jalə Əliyeva ilə Həsrət Cəfərov Gənclər və İdman Nazirliyi tərəfindən 2025-ci ilin ən yaxşı idmançıları kimi mükafatlandırıldılar. Jalə Avropa çempionatında və VI İslam Həmrəyliyi Oyunlarında qazandığı uğurlu nəticələrə görə "İlin ən yaxşı qadın idmançısı", Həsrət isə Avropa çempionluğu, dünya çempionatı və VI İslam Həmrəyliyi Oyunlarındakı sabit çıxışına əsasən "İlin ən yaxşı kişi idmançısı" nominasiyasında qalib elan olundu.
Cüdoçu Zelim Kotsoyev (100 kq) Qran-pri turnirinin qalibi olmaqla yanaşı, Avropa çempionatında və VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazandı. Zelim Tçkayev (81 kq) "Böyük Dəbilqə" turnirində qızıl, dünya və Avropa çempionatlarında isə bürünc medallara sahib oldu. Taekvondoda Qaşım Maqomedov (60 kq) dünya çempionatında və VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazandı. Karatedə isə İrina Zaretska (68 kq) III MDB Oyunlarının və VI İslam Həmrəyliyi Oyunlarının qalibi olmaqla yanaşı, dünya çempionatını bürünc medalla başa vurdu.
Boksda ilin ən diqqətçəkən nəticəyə Sübhan Məmmədov (48 kq) imza atdı. 19 yaşlı boksçu ilin sonuna yaxın keçirilən dünya çempionatında qızıl medal qazandı. Onun finalda Rusiyanı təmsil edən erməniəsilli rəqibini məğlub etməsi bu qələbəyə xüsusi rəng qatdı.
Ağırlıqqaldırmada İsa Rüstəmov 2025-ci ili 6 medalla başa vurdu. O, Avropa çempionatında 1 dəst medal qazanmaqla yanaşı, VI İslam Həmrəyliyi Oyunlarında 1 gümüş və 2 bürünc medal əldə etdi.
Nəticə
Bir sözlə, 2025-ci il Azərbaycan idmanı üçün təkcə uğurların yox, özünəinamın, beynəlxalq nüfuzun və gələcək zəfərlərin təməl ili oldu. Bu il atılan addımlar və qazanılan nəticələr bir daha göstərdi ki, Azərbaycan idmanı artıq yalnız bu günü deyil, sabahı da qazanmağa hazırdır.











