Naxçıvan Şəhər İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Naxçıvan şəhərinin mərkəzi meydanında, Heydər Əliyev prospektində möhtəşəm Yeni il şənliyi təşkil olunub.
"Report"un yerli bürosu xəbər verir ki, minlərlə sakin və qədim diyarın qonaqları şəhərin baş meydanına toplaşaraq Yeni ili birlikdə qarşılayıblar.
Dövlət və hökumət nümayəndələri şəhər meydanına gəlib, Yeni il şənliyini izləyiblər.
Bayram tədbiri çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərovun iştirakı ilə bayram konsert proqramı, Naxçıvan Dövlət Filarmoniyasının solistləri və rəqs kollektivləri maraqlı çıxışlarla tədbirə rəng qatıblar.
Prezident İlham Əliyevin 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciəti meydanda quraşdırılan monitor vasitəsilə yayımlanıb.
Sonra yeni ilin gəlişi münasibətilə Naxçıvan şəhərində möhtəşəm atəşfəşanlıq olub.










