Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Baş Abdalar kəndi niyə Təzəgyuğ kimi göstərilir?" adlı süjet hazırlanıb.
"Report" xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Baş Abaran, Baş Abdalar və Başkənd toponimi haqqında söz açılır.
Bildirilir ki, Qərbi Azərbaycan torpaqlarının havadarları tərəfindən ermənilərə verilməsi və azərbaycanlıların yurdlarından qovulmasından sonra bu ərazilərdə oğuz-türk toponimlərinin erməniləşdirilməsinə başlanılıb.
Vurğulanır ki, Qərbi Azərbaycandakı qədim yurd yerlərimiz soydaşlarımız üçün doğma olmaqla yanaşı, həm də tarixi məsələdir: "Təbii ki, o yurdlardan deportasiya olunan azərbaycanlılar isti ocaqlarından heç vaxt vaz keçməyiblər. Məhz qayıdış hədəfindən imtina etməmək o torpaqların bizə məxsusluğundan qaynaqlanan əbədi haqdır".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Qərbi Azərbaycan Xronikası: Baş Abdalar kəndi niyə Təzəgyuğ kimi göstərilir?
