IMG-LOGO

Əmirreza Məsumi: "Azərbaycanın güləş millisini seçməyim maliyyə ilə bağlı deyil"

30 Dec 2025 14:55 6 baxış
IMG

Əslən iranlı olan, gələcək karyerasını isə Azərbaycanda davam etdirəcək güləşçi Əmirreza Məsuminin Azərbaycan millisini seçmək səbəbi maliyyə ilə bağlı deyil.

"Report" xəbər verir ki, bu barədə 21 yaşlı idmançı sosial şəbəkə hesabında bildirib.

O, Azərbaycan yığmasını seçməyinin səbəbini belə izah edib:

"Bu gündən etibarən idman karyeramda yeni bir mərhələ başlayır. Artıq Azərbaycan millisinin üzvüyəm və bundan sonra bu ölkənin uğurları üçün çalışacağam. Təəssüf ki, sosial mediada bu keçidin əsas səbəbinin maliyyə məsələləri olduğu iddia edilir. Halbuki bu iddialar reallığa uyğun deyil. Doğrudur, müxtəlif ölkələrdən yüksək məbləğli təkliflər almışdım, lakin Azərbaycanın idmana peşəkar yanaşması, güləşdə əfsanəvi simalarımızın və dostlarımızın burada olması, eləcə də ilk gündən göstərilən səmimi və hörmətli münasibət qərarımda həlledici rol oynadı. İnanıram ki, mövcud şərait və Azərbaycanda idmana göstərilən xüsusi diqqət peşəkar karyeramın davamında daha böyük uğurlar qazanmağıma imkan yaradacaq".

Güləşçi bu günə qədər ona uğurlar qazanmasında yardımçı olan məşqçilərinə təşəkkür edib:

"21 yaşımadək İran yığmasının üzvü olmuşam və doğulduğum, böyüdüyüm ölkənin bayrağını qürurla çiyinlərimdə daşımışam. Bu müddət ərzində 17 , 20 və 23 yaşadək dünya çempionatlarında, eləcə də Asiya çempionatlarında qızıl medallar qazanmışam. Bu uğurlarda böyük rolu olan bütün məşqçilərə və məni dəstəkləyən hər kəsə səmimi təşəkkürümü bildirirəm".

Əmirreza Məsumi bildirib ki, Azərbaycan güləşinin daha da irəli getməsi üçün əlindən gələn hər şeyi edəcək:

"Azərbaycan Güləş Federasiyasından mənə göstərdikləri böyük etimada görə minnətdarlığımı bildirirəm. Azərbaycan xalqına isə səmimi və isti qarşılanmaya görə ürəkdən təşəkkür edirəm. Bu etimada cavab olaraq bütün gücümlə çalışacaq, beynəlxalq arenalarda ölkəm üçün uğur qazanmaq yolunda bütün diqqətimi və səylərimi səfərbər edəcəyəm".

Xəbər lenti