Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın dəmir yolu nəqliyyatı sahəsində, eləcə də "Bakı Metropoliteni" QSC-də böyük investisiya layihələri həyata keçirməyə hazırlaşır.
"Report" xəbər verir ki, bunu ADB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal bildirib.
Onun sözlərinə görə, ADB-nin Azərbaycandakı komandası nazirliklər, dövlət qurumları və özəl sektorla sıx əməkdaşlıq çərçivəsində bankın ölkə ilə tərəfdaşlıq strategiyasının əsasını təşkil edən prioritetləri müəyyən edib.
"Bu strategiya bizim Azərbaycanı öz məqsədlərinə çatmaqda necə dəstəklədiyimizi, həm milli, həm də regional səviyyədə inkişafa necə töhfə verdiyimizi müəyyən edir. Növbəti beş il ərzində ADB "yaşıl keçid" çərçivəsində ölkəyə dəstəyini davam etdirəcək", - S.Durrani-Camal qeyd edib.
O vurğulayıb ki, bank əlavə dəyərin yaradılmasının sürətləndirilməsinə, iqtisadiyyatın dayanıqlığının artırılmasına, həmçinin insan kapitalının inkişafına və iş yerlərinin yaradılmasına töhfə vermək niyyətindədir.
Onun sözlərinə görə, ADB-nin fəaliyyəti bankın ali rəhbərliyinin ölkəyə səfərləri ilə daha da güclənib. Xüsusilə, ADB prezidenti Masato Kandanın Bakıya səfəri ölkənin "sülh dividendi"ndən fayda əldə etməyə hazırlaşdığı bir dövrdə bankın Azərbaycanla əməkdaşlığa sadiqliyini təsdiqləyib.
"İrəliləyişə yalnız sıx tərəfdaşlıq sayəsində nail olmaq mümkündür. Biz hökumət və özəl sektordakı həmkarlarımıza və tərəfdaşlarımıza, eləcə də dünyanın hər yerində il boyu fəal iş aparan ADB əməkdaşlarına minnətdarıq. Azərbaycan ADB-yə böyük etimad göstərib və biz bu etimadı doğrultmaq, yeni və daha keyfiyyətli dəstək formatları təklif etmək niyyətindəyik", - o bildirib.
Nümayəndəliyin rəhbəri əlavə edib ki, ADB dəmir yolu infrastrukturu, "Bakı Metropoliteni" və su təchizatı sistemlərinə böyük məbləğdə investisiya qoyuluşu həyata keçirməyə, həmçinin kiçik və orta biznesə dəstəyi genişləndirməyə hazırlaşır. Bununla yanaşı, bank Azərbaycanın dayanıqlı və inklüziv inkişafı üçün yeni imkanları qiymətləndirməyi davam etdirir.
Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu müddət ərzində bank ölkəyə təxminən 5,6 milyard ABŞ dolları sərmayə qoyub, bu məbləğin 4,4 milyard dolları dövlət sektoruna, 1,2 milyard dolları özəl sektora yatırılıb. Nəqliyyat (1,5 milyard ABŞ dolları) və enerji sektorları (1,7 milyard ABŞ dolları) ən çox maliyyələşdirilən istiqamətlərdir.
Yeni tərəfdaşlıq strategiyası çərçivəsində ADB Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər investisiya qoymağa hazırdır.