IMG-LOGO

Azərbaycanla Uqanda arasında diplomatik və xidməti pasportların vizadan azad edilməsi sazişi ratifikasiya edilib

30 Dec 2025 11:54 5 baxış
IMG

Milli Məclis Azərbaycanla Uqanda arasındakı diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında sazişi ratifikasiya edib.

"Report" xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Uqanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, 2025-ci il oktyabrın 15-də Kampala şəhərində imzalanmış Azərbaycan hökuməti ilə Uqanda hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş iki dövlət arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi, rəsmi səfərlərin və qarşılıqlı təmasların sadələşdirilməsi məqsədi daşıyır.

Sazişə əsasən, Tərəflərin etibarlı diplomatik və xidməti pasportlara malik vətəndaşları digər Tərəfin dövlətinin ərazisinə vizasız daxil ola, oradan tranzit keçə, habelə hər 180 gün ərzində 90 gündən artıq olmayan müddətdə həmin ərazidə qala bilərlər. Bu şəxslərin qəbul edən dövlətdə qalması, yaşaması, əmək fəaliyyəti və digər hüquqi məsələlər həmin dövlətin daxili qanunvericiliyinə uyğun olaraq tənzimlənir.

Saziş diplomatik nümayəndəliklərdə, konsulluqlarda və beynəlxalq təşkilatlar yanında akkreditə olunmuş diplomatik və xidməti pasport sahiblərinin, eləcə də onların ailə üzvlərinin hüquqi statusunu müəyyən edir. Akkreditasiyadan sonra bu şəxslər təyinat müddəti ərzində qəbul edən dövlətin ərazisinə vizasız daxil ola, tranzit qaydada keçə, orada qala və ölkəni tərk edə bilərlər.

Sazişlə diplomatik və xidməti pasport sahiblərinin digər Tərəfin dövlətinin ərazisinə beynəlxalq gediş-gəliş üçün açıq olan istənilən sərhəd-buraxılış məntəqələrindən daxil olması və həmin ərazini tərk etməsi nəzərdə tutulur. Eyni zamanda, pasportların itirilməsi, oğurlanması, korlanması və ya etibarlılıq

müddətinin başa çatması hallarında müvafiq dövlət orqanlarının məlumatlandırılması və yeni səyahət sənədlərinin verilməsi qaydaları tənzimlənir.

Saziş milli təhlükəsizlik, ictimai asayiş və ictimai sağlamlıq məqsədləri ilə onun icrasının müvəqqəti olaraq tam və ya qismən dayandırılması, habelə "persona non grata" və ya arzuolunmaz şəxs hesab edilən şəxslərin ölkəyə girişinə imtina edilməsi hüququnu Tərəflər üçün saxlayır. Sazişin təfsiri və tətbiqi ilə bağlı yaranan mübahisələr diplomatik kanallar vasitəsilə məsləhətləşmələr yolu ilə həll edilir.

Saziş qeyri-müəyyən müddətə bağlanıb və Tərəflərin daxili prosedurların tamamlandığını təsdiq edən sonuncu yazılı bildirişinin diplomatik kanallarla alınmasından 30 gün sonra qüvvəyə minir. Tərəflərdən hər biri Sazişi diplomatik kanallar vasitəsilə yazılı bildiriş göndərməklə ləğv edə bilər; bu halda Saziş bildirişin alındığı tarixdən 90 gün sonra qüvvədən düşür.

Qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Xəbər lenti