Milli Məclisin payız sessiyasının sonuncu plenar iclası keçirilir.
"Report" xəbər verir ki, iclasın gündəliyinə Azərbaycanla Somali və Uqanda arasındakı diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Sazişin ratifikasiyası, o cümlədən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisin Müraciəti daxil olmaqla ümumilikdə 15 məsələ daxil edilib.
İclas parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə keçirilir.
Xatırladaq ki, qanunverici orqanın Daxili Nizamnaməsinə əsasən payız sessiyası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir. Parlament yanvar ayının 1-dən 15-dək tətilə buraxılır. Tətil dövründə deputatlar məzuniyyətdə sayılır.
Tətil dövründə Milli Məclisin növbədənkənar sessiyası çağırıldıqda Milli Məclisin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və Milli Məclisin deputatları həmin müddətə məzuniyyətdən geri çağırılırlar.
Yaz sessiyası isə fevralın 1-də başlanır və mayın 31-dək davam edir.