IMG-LOGO

SCMP: Çin ağır raketlər üçün, demək olar, səssiz buraxılış qurğusu yaradıb

30 Dec 2025 06:34 5 baxış
IMG

Çin qitələrarası ballistik raketlər üçün yan tərəfə, demək olar ki, səssiz və çətin relyefli ərazilərdə hərəkət edə bilən mobil buraxılış qurğusunun prototipini hazırlayıb.

"Report"un "South China Morning Post" (SCMP) qəzetinə istinadən məlumatına görə, belə bir texnologiya ağır tonnajlı nəqliyyat vasitələrinin ənənəvi konstruksiyalarını fundamental şəkildə dəyişir.

Nəşrin məlumatına görə, Sinxua Universitetinin rəhbərlik etdiyi layihə Pekindəki Çin Raket Texnologiyaları Tədqiqat İnstitutu, Çilin Universiteti, Pekin Texnologiya İnstitutu və digər mərkəzlərin mütəxəssislərini bir araya gətirib. Layihənin məqsədi ağır yüklərin logistikasını dəyişə biləcək, qitələrarası ballistik raketləri, sənaye transformatorlarını, külək turbinlərini və digər iri yükləri təhlükəsiz və səmərəli şəkildə daşımağa imkan verən texnologiya hazırlamaqdır.

Prototipdə elektrik ötürücüsü ilə intellektual idarəetmənin inteqrasiyası həyata keçirilib. Tam elektriklə işlədiyi üçün nəqliyyat vasitəsi, demək olar ki, səssizdir, qaz emissiyası yoxdur, minimal istilik izi buraxır və aşkar olunması çətindir. Qurğu modul konsepsiyası əsasında hazırlanıb və təkər modullarının əlavə edilməsi və ya çıxarılması ilə dəyişdirilə bilər. Bu, yükdaşıma qabiliyyətini ehtiyaca uyğun tənzimləməyə imkan verir və ənənəvi sabit oxlu, təkərli konfiqurasiyaların məhdudiyyətlərini aradan qaldırır.

"Ənənəvi sabit oxlu və sərt birləşməli nəqliyyat vasitələrindən fərqli olaraq, yeni qurğuda hər təkər müstəqildir, ötürücü, əyləc, sükan və asqı intellektual elektron idarəetmə sistemi tərəfindən koordinasiya olunur. Nəticədə nəqliyyat vasitəsi lazım gəldikdə "xərçəng kimi" yan hərəkət edə, həmçinin diaqonal və ya ziqzaqlı hərəkət edə bilir ki, bu da onun keçid qabiliyyətini artırır. Hazırlanmış prototip həmçinin öz oxu ətrafında dönmə imkanına malikdir ki, bu da dönmə radiusunu kəskin şəkildə azaldır və məhdud məkanda yüksək manevr qabiliyyəti təmin edir", – SCMP qeyd edib.

Qəzet vurğulayıb ki, ağır ixtisaslaşmış nəqliyyat vasitələri milli müdafiə sistemləri üçün həlledici əhəmiyyətə malikdir – onlar tez-tez logistik dəstək göstərir, ağır silahları daşıyır və raketlərin buraxılış platforması rolunu oynayır.

Xəbər lenti