Venesuela Hərbi Hava Qüvvələri 2025-ci ildə narkotacirlərə məxsus 39 təyyarəni məhv edib, narkotik qaçaqmalçılığına qarşı qanunun qəbulundan bəri isə bu rəqəm 430-a çatıb.
"Report"un məlumatına görə, bunu Bolivar Respublikasının Prezidenti Nikolas Maduro "Venezolana de Televisión" kanalının efirində bildirib.
"Silahlı Qüvvələrimizi, ərazi müdafiə kompleksimizi və xüsusilə hava hücumundan müdafiə sistemimizi və hərbi aviasiyamızı təbrik etmək istəyirəm. Çünki 28 dekabrda Apure ştatında bu il narkotacirlərə məxsus 31-ci təyyarə vuruldu", – dövlət başçısı qeyd edib. O əlavə edib ki, bazar ertəsi Braziliya ilə sərhəd bölgəsində yerləşən Amazonas ştatında hərbi aviasiya narkomafiyaya məxsus 8 təyyarəni məhv edib və bununla da cari ildə məhv edilən təyyarələrin sayı 39-a çatıb.
Maduro vurğulayıb ki, narkotik qaçaqmalçılığına qarşı qanunun qəbulundan bəri narkotacirlərə məxsus 430 təyyarə vurulub və məhv edilib.