IMG-LOGO

Tbilisidə Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş klassik musiqi gecəsi keçirilib

29 Dec 2025 16:42 3 baxış
IMG

Tbilisi şəhərində Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə klassik musiqi gecəsi təşkil olunub.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev çıxış edərək qonaqları Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edib.

Səfir Azərbaycan ilə Gürcüstan arasında mövcud olan yüksək səviyyəli dostluq və strateji tərəfdaşlıq münasibətlərindən bəhs edib, mədəni-humanitar sahədə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Diplomat 2025-ci ildə Azərbaycan dövlətinin qazandığı uğurlardan bəhs edib, 2026-cı ilin də ölkə və xalq üçün uğurlu olmasını arzulayıb.

Daha sonra M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Leyla Əliyeva və Azərbaycanın əməkdar artisti Nərgiz Əliyeva çıxış edərək bu cür tədbirlərin milli mədəni irsin təbliği və gənc istedadların tanıdılması baxımından mühüm rol oynadığını bildiriblər.

Musiqi gecəsi maraqlı konsert proqramı ilə davam edib.

Qara Qarayev adına 8 nömrəli Onbirillik Musiqi Məktəbinin və Bakı Musiqi Akademiyasının tələbələri Ü.Hacıbəylinin musiqilərindən parçalar ifa ediblər. İstedadlı gənclərin təqdim etdiyi klassik musiqi nümunələri tamaşaçılar tərəfindən maraq və alqışla qarşılanıb.

Tədbir mədəniyyətlərarası dialoqun və Azərbaycan musiqi irsinin Gürcüstanda təbliği baxımından əlamətdar hadisə kimi dəyərləndirilib.

Xəbər lenti